Təhsil sahəsində əməkdaşlıq

Azərbaycanda insan kapitalının daha da gücləndirilməsi, elm və təhsilin inkişafının təşviq olunması məqsədilə Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, eləcə də ikitərəfli elmi-akademik əməkdaşlıq ölkəmiz üçün maraq kəsb edir.

Almaniya hazırda azərbaycanlıların təhsil almaq üçün üz tutduqları ölkələr arasında ilk sıralarda yer alır.

“Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Almaniyanın aparıcı ali təhsil ocaqları və Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə sıx əməkdaşlıq edilir. Bu xüsusda, 2016/2017-ci akademik ili üzrə Almaniyanın ali təhsil müəssisələrində dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı 240 nəfər olmuşdur. 2007-2017-ci illər üzrə bu rəqəm 1974 təşkil etmişdir.

Ölkəmizdə 1997-ci ildən etibarən fəaliyyət göstərən DAAD Almaniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüdlər ayırır və alimlərin mübadiləsini təşviq edir. 2017-ci ildə Azərbaycandan 218 tələbə DAAD təqaüdü almışdır. Ümumilikdə hazırda 1000-ə yaxın azərbaycanlı Almaniyada təhsil alır.

2010-cu ildən etibarən Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrası fəaliyyət göstərir.

Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında indiyədək 23 sənəd imzalanmışdır. 

 

Son yenilənmə tarixi: 05.11.2018