Almaniya Federativ Respublikasında dünyaya gəlmiş uşaqların sənədləşdirilməsi qaydası

Almaniya Federativ Respublikasında dünyaya gəlmiş və Almaniyanın qeydiyyat orqanları tərəfindən doğum haqqında şəhadətnamə (Geburtsurkunde) verilmiş uşaqların sənədləşdirilməsi və Azərbaycan Respublikasına aparılması üçün qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydası aşağıdakı kimidir.

Valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Almaniya Federativ Respublikasında dünyaya gəldiyi və Almaniyanın qeydiyyat idarələri tərəfindən ona doğum haqqında şəhadətnamə (Geburtsurkunde) verildiyi təqdirdə, valideynlər tərəfindən aşağıdakı tədbirlər görülməlidir:

  1. Almaniyanın qeydiyyat idarələri tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin (Geburtsurkunde) əsli həmin sənədi vermiş qeydiyyat idarəsi tərəfindən təsdiq edilməlidir (Beglaubigung von Unterschriften);
  2. Təsdiq edilmiş doğum haqqında şəhadətnamənin (Geburtsurkunde) əsli Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik olması üçün Səfirliyin Konsulluq bölməsində leqallaşdırmalıdır (http://berlin.mfa.gov.az/az/content/40);
  3. Yeni doğulmuş uşağın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilməlidir (http://berlin.mfa.gov.az/content/44);
  4. Yeni doğulmuş uşağın Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra, həmin uşağa “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi” rəsmiləşdirilir (http://berlin.mfa.gov.az/content/44).