2017-06-07
Almaniya-Azərbaycan Forumunun toplantısı keçirilib

Cari ilin 7 iyun tarixində Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin iclası və ardınca Forum üzvlərinin toplantısı keçirilib.

DAF-ın idarə heyətinin sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer idarə heyətinin iclasını açıq elan edərək iclasın gündəliyi barədə məlumat verib.

 Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış edərək DAF-ın fəaliyyətinə nəzər yetirib və həyata keçirilmiş işləri dəyərləndirib. Səfir Forumun fəaliyyətinin iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə olan münasibətlərin dərinləşməsinə verdiyi töhfəni vurğulayıb və bu fəaliyyətin Azərbaycan Respublikasının hökumətinin diqqət mərkəzində olduğunu bildirib.

Ramin Həsənov iclas iştirakçılarını Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yeniliklərə və Azərbaycan-Almaniya münasibətlərinin cari vəziyyətinə dair məlumatlandırıb. Hazırda həyata keçirilən və həyata keçirilməsi planlaşdırılan layihələri qeyd edən səfir DAF-ın bu layihələrin Almaniyada təqdim olunması istiqamətində görə biləcəyi işləri sadalayıb və bütövlükdə Forumun gələcək fəaliyyətində dair Azərbaycan tərəfinin gözləntilərini vurğulayıb. Ramin Həsənov həmçinin idarə heyətinin üzvlərinin Azərbaycan-Almaniya münasibətlərinin mövcud durumuna dair suallarını cavablandırıb.

 Daha sonra DAF-in idarə heyətinin sədri Hans-Eberhard Şlayer sözügedən təşkilatın ötən dövr ərzində fəaliyyəti və nəzərdə tutulmuş gələcək planları barədə hesabat verib. Sədr bildirib ki, rəhbərlik etdiyi Forum əvvəlki illərin uğurlu təcrübəni nəzərə alaraq bu il də alman iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərini təşkil etmək, mədəni tədbirlər keçirmək, ənənəvi olaraq keçirilən növbəti Xocalı simpoziumuna hazırlıq işləri aparmaq və Səfirliklə əməkdaşlıq çərçivəsində digər tədbirlər görmək niyyətindədir.

İclas iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrə, Almaniyada Azərbaycanla bağlı görülən işlərə, həyata keçirilən ikitərəfli layihələrə dair DAF-ın fəal ictimai fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar və təşkilatın xəbər bülletenlərinin bu istiqamətdə əhəmiyyətli alət olduğunu bildiriblər. 

Təşkilatın xəzinədarı, Deutsche Bank AG şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Peter Tils DAF-ın ötən dövr üçün maliyyə hesabatını təqdim edib.

Daha sonra tədbir DAF üzvlərinin toplantısı ilə davam etdirilib. DAF üzvləri səsvermə yolu ilə Forumun sədrini və müavinlərini, yeni idarə heyətini, xəzinədarını, icraçı direktorunu seçiblər və 2017-ci il üçün büdcəsini təsdiqləyiblər. Hans-Eberhard Şlayer yenidən Forumun sədri, Helqa Daub sədrin birinci müavini, prof. Reza Talebi-Daryani sədrin müavini, Peter Tils Forumun xəzinədarı, Pərviz Yəzdani Forumun icraçı direktoru vəzifələrinə seçiliblər.

Toplantının sonunda səfir Ramin Həsənov yeni seçilmiş Forum rəhbərliyinə uğurlar arzulayıb, Səfirliyin Forumla sıx əməkdaşlıq edəcəyini və təşkilatın fəaliyyətinə dəstək göstərəcəyini bildirib.

növbəti xəbər əvvəlki xəbər