2018-02-07
Azərbaycanın daxili işlər naziri Almaniyada keçirilən 21-ci Avropa Polis Konqresində iştirak edir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Berlin şəhərində keçirilən 21-ci Avropa Polis Konqresində iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdədir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 6-da öz işinə başlayan, builki mövzusu “Əlaqələndirilmiş təhlükəsizlik fəaliyyətinin effektivliyi” olan toplantını giriş sözü ilə Almaniyanın daxili işlər nazirinin yanında parlamentin dövlət katibi Günter Krings açıb.

Hər il 50-dən artıq dövlətin 1600-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən, daxili təhlükəsizlik məsələlərində Avropanın aparıcı konfransı hesab olunan bu mötəbər beynəlxalq forumda dünyanın bir sıra dövlətlərinin, o cümlədən Almaniyanın federal əyalətlərinin daxili işlər nazirləri, Bundestaqın deputatları, İnterpolun və Avropolun, Avropa İttifaqının məsul nümayəndələri, polis və sərhəd qurumlarının rəhbərləri, təhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərin təmsilçiləri iştirak edirlər.

İki gün davam edəcək tədbir çərçivəsində ayrı-ayrı panellərdə təhlükəsizlik sahəsindəki problemlər və onların həlli yolları, xüsusi təyinatlı qüvvələrin rolu və gələcəyi, əməliyyat əməkdaşlığının gücləndirilməsi, kibercinayətkarlığın qarşısının alınması və mühakiməsi, rəqəmsal kriminalistika, kütləvi tədbirlərin, ictimai yerlərin müşahidəsi və mühafizəsi kimi geniş spektrli, aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.

https://azertag.az/xeber/1134550#.WnnFq0jd634.twitter

növbəti xəbər əvvəlki xəbər