2018-05-29
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Berlin şəhərində təntənəli şəkildə qeyd edilmişdir.

28 may 2018-ci il tarixində Berlin şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmiş, konsert proqramı keçirilmiş və ziyafət verilmişdir.

Tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndiriliməsi ilə açıq elan edilmişdir.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə qonaqları salamlayaraq çıxış etmişdir. Səfir Həsənov müsəlman şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirmişdir.   

Ramin Həsənov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilməsi ilə Azərbaycanın regionda lider ölkəyə, sabit və etibarlı tərəfdaşa çevrildiyini vurğulamışdır.

Səfir Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə strateji tərəfdaşlığından, ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələrdən, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında oynadığı roldan bəhs etmişdir.

O, Azərbaycan-Almaniya münasibətlərinə toxunaraq, iki ölkə arasındakı münasibətlərin çoxşaxəli olduğunu və dinamik şəkildə inkişaf etdiyini, habelə keçən ilin ölkələrimiz arasındakı münasibətlərdə əlamətdar hadisələrlə yadda qaldığını, buna misal olaraq, Azərbaycanda alman məskənlərinin yaradılmasının iki yüz illiyinin və Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini iştirakçıların diqqətinə çatdırmışdır. 

Səfir Ramin Həsənov öz çıxışında, həmçinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın Azərbaycan üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırmış, habelə ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulamışdır.

Səfir Azərbaycanın bütün sahələrdə davamlı şəkildə inkişaf etdiyini, onun regional və qlobal müstəvidə böyük uğurlara imza atdığını vurğulamış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə istinadən “əgər AXC-nin qurucuları müasir Azərbaycanın uğurlarını görmüş olsaydılar, onunla fəxr hissi duyardılar” sitatı ilə öz çıxışını sona vurmuşdur.

Daha sonra Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfiri Andreas Peşke çıxış etmişdir. Andreas Peşke çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika olduğunu, məhz bu respublika dövründə bir sıra mütərəqqi addımların atıldığını, nəinki şərqdə, ümumiyyətlə dünyada ilk dəfə olaraq qadınların seçki hüququ ilə təmin edildiyini, ölkədə ilk və modern universitetin təsis edildiyini, çoxpartiyalılıq əsasında parlamentin qurulduğunu, parlamentdə dövlətin inkişafı üçün mühüm qərarların qəbul edildiyini bildirmiş və 1991-ci ildə yaradılmış modern Azərbaycan Respublikasının bazasında məhz Azərbaycan Xalq Cümhuriyyətinin dayandığını vurğulamışdır.

Peşke Azərbaycanın öz müstəqilliyini elan etdikdən sonrakı dövrdə diqqətəlayiq şəkildə inkişaf etdiyini, bununla yanaşı həm də Almaniya-Azərbaycan münasibətlərində müsbət irəliləyişlərin bütün sahələrdə müşahidə edildiyini qeyd etmişdir. O, Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə toxunaraq, Almaniyanın Cənubi Qafqaz regionunda ən mühüm iqtisadi tərəfdaşının məhz Azərbaycan olduğunu, 150-dən çox alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini və iqtisadi əməkdaşlığın uğurla davam etdirilməsi üçün müxtəlif insititusional təsisatların uğurla fəaliyyət göstərdiyini, habelə Almaniyanın Azərbaycanın enerji nəqliyyatı xətlərinin diversifikasiyası siyasətini alqışladığını və Almaniyanın tikilməkdə olan Cənub Qaz Dəhlizi və artıq istifadəyə verilmiş Bakı-Tiflis-Qars dəmiryolu xəttinə böyük umidlər bəslədiyini bildirmişdir.

Peşke Almaniya-Azərbaycan münasibətlərinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, onun çox geniş spektri əhatə etdiyini, bura mədəniyyət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar müstəvisində əməkdaşlıq kimi sahələrlə yanaşı, təhsil sahəsində də uğurlu fəaliyyətin aid olduğunu, 2017-ci ilin statistik göstəricələrinə əsasən, Almaniyada 1136 nəfər azərbaycanlı tələbinin təhsil aldığını, onlardan 208 nəfərinin Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüdü ilə təhsilini davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Peşke həmçinin Azərbaycan Respublikasının qurulduğu gündən Avropa İttifaqı ilə əməkdaşlığa maraq göstərdiyini, hal-hazırda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı daha da dərinləşdirəcək yeni saziş üzərində işin aparıldığını da bildirmişdir.

Peşke həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanda və bütün regionda stabilliyə və təhlükəsizliyə təhdid olduğunu, buna görə də Almaniyanın ATƏT-in Minsk qrupu çərçivəsində bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirdiyini, bunun üçün həmsədrlərin fəaliyyətini dəstəklədiyini qeyd etmiş və münaqişənin həll ediləcəyi təqdirdə nəinki bütün regionun inkişaf perspektivlərinin, hətta bu regionda yaşayan sadə insanların da həyatının əhəmiyyətli şəkildə yaxşılaşdırıla biləcəyinə əmin olduğunu bildirmişdir. 

Peşke çıxışının sonunda AXC-nin 100 illiyinə parallel olaraq, həm də Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu, məhz o zamanlar Almaniya ilə Azərbaycan arasında dostluq ənənələrinin əsasının qoyulduğunu, bu ənənələrin əsasında Almaniya-Azərbaycan dostluğunun gələcəkdə də inkişaf edəcəyini bildirmiş və AXC-nin yaradılmasının 100 illiyi münasibəti ilə Almaniya Federativ Respublikası hökumətinin təbriklərini çatdırmışdır.

Tədbir YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması proqramının tədbirlər siyahısına daxil edilmiş məşhur Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə bağlı klassik konsert proqramı ilə davam etmişdir. Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri Almaniya və Azərbaycan solistlərindən ibarət orkestr  tərəfindən ifa olunmuşdur. Orkestrə xalq artisti, prof. Yalçın Adıgözəlov dirijorluq etmişdir. Məşhur Azərbaycan bəstələri əməkdar artist İlham Nəzərli və Selcan Nəsibli tərəfindən səsləndirilmişdir. Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin,  SOCAR-ın Almaniya nümayəndəliyinin və “CLAAS” şirkətinin dəstəyi ilə baş tutmuş konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla və rəğbətlə qarşılanmışdır.

Tədbir Azərbaycan və Avropa mətbəxinin təamlarından ibarət ziyafətlə sona çatmışdr.

Tədbir iştirakçılarına AXC-nin 100 illiyinə dair və Azərbaycan haqda digər materiallar təqdim edilmişdır. 

Tədbirdə AFR Federal Parlamentinin (Bundestaq) deputatları, Kansler administrasiyasının, xarici işlər nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələrinin təmsilçiləri, Berlindəki xarici diplomatik missiyaların, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak etmişdirlər.

 

 

növbəti xəbər əvvəlki xəbər