2018-12-14
Azərbaycan muğamının “YUNESKO”-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Berlin şəhərində konsert keçirilib

13 dekabr 2018-ci il tarixində Berlin şəhərində Səfirliyimizin təşkilatçılığı, “YUNESKO” üzrə Milli Komissiyanın Katibliyinin və AR Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan muğamının “YUNESKO”-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə muğam konserti keçirilib.

Tədbiri açılış nitqi ilə açan Səfir Ramin Həsənov Azərbaycan muğamının özəlliyi, tarixçəsi, təkamülü, qlobal səviyyədə təbliği məqsədilə görülən işlər, xüsusən Heydər Əliyev Fondu tərəfindən bu sahədə aparılan fəaliyyət, 15 və 10 il bundan öncə müvafiq olaraq “YUNESKO” tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğu və “YUNESKO”-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi barədə iştirakçılara məlumat verib.

Daha sonra muğam üçlüyünün ifasında konsert proqramı təqdim olunub. Xanəndə Gülnar Qüdrətlini Sahib Paşazadə (tarzən) və Toğrul Əsədullayev (kamança) müşayiət edib.

Üçlüyün repertuarında “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Mənim Azərbaycanım”, “Qarabağ şikəstəsi”, “Mehriban olaq”, “Segah” və digər məşhur xalq və bəstəkar mahnıları yer alıb.

Tədbirdə Almaniyanın ictimai-siyasi dairələrinin, diplomatik korpusun və Azərbaycan diasporasının nümayəndələri iştirak edib.

Konsert çərçivəsində həmçinin, Azərbaycanın mədəniyyətinə və incəsənətinə dair müvafiq əyani materiallar nümayiş olunub və iştirakçılara paylanılıb.

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər