2019-09-24
Berlində İmadəddin Nəsiminin 650 illiyi və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibəti ilə konsert keçirilib

23 sentyabr 2019-cu il tarixində İmadəddin Nəsiminin 650 illiyi və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibəti ilə Berlin şəhərində konsert keçirilib.

Konserti giriş sözü ilə səfir Ramin Həsənov açıb. O, böyük ədib və filosof İmadəddin Nəsiminin  həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyat tarixində unudulmaz izlər buraxdığını bildirib. Səfir Həsənov İmaddədin Nəsimiyə məxsus yaradıcılığın Azərbaycan ədəbiyyatşünaslığının daimi araşdırma mövzularından biri olduğunu iştirakçıların nəzərinə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarını vurğulayaraq, 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu qeyd edib.

Cari il ərzində həmçinin YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyinin qeyd edildiyini bildirib. O, Milli Komissiyanın Azərbaycan milli irsinin dünya miqyasında tanıdılması istiqamətində indiyədək vacib işlər gördüyünü, habelə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına dair mühüm nümünələrin YUNESKO-nun qeyri-maddi mədəni irs-siyahısına daxil edilməsi istiqamətində xüsusi xidmətlər göstərdiyini vurğulayıb.

Səfir tamaşaçıları həmçinin Azərbaycan muğam sənəti və “Qarabağ” muğam qrupu haqda məlumatlandırıb, muğamın Azərbaycan musiqi mədəniyyətində əhəmiyyətli yer tutduğunu qeyd edib. Muğam qrupunun adını daşıdığı Dağlıq Qarabağın və ətraf rayonlarımızın uzun müddətdir ki, Ermənistan tərəfindən işğal olunduğunu və bu işğalın bu gün də davam etdiyini bildirib. Azərbaycan mədəniyyətinin və musiqisinin təşviq edilməsində Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın misilsiz töhfələrini xüsusilə diqqətə çatdırıb.

Sonra prof. Mənsum İbrahimovun rəhbərliyi ilə „Qarabağ“ muğam qrupunun Nəsiminin qəzəllərindən ibarət konsert proqramı təqdim olunub. Xanəndələr Mənsum İbrahimov və Sədəf Budaqovanı Elçin Haşımov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

Tədbirdə Almaniyanın ictimai-siyasi, elmi-mədəni dairələrinin, diplomatik korpusun və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.

Konsert çərçivəsində həmçinin Azərbaycan mədəniyyətinə və incəsənətinə dair müvafiq əyani materiallar nümayiş olunub və iştirakçılara paylanılıb.

növbəti xəbər əvvəlki xəbər