Səfirin müraciəti

 

 

 

 

 

 

Hörmətli qonaqlar,

Sizi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin internet səhifəsində salamlayıram.

İnternet səhifəmizdə Azərbaycan və onun Almaniya ilə münasibətləri haqqında ümumi məlumat diqqətinizə təqdim edilir. Eyni zamanda səhifəmizdə konsulluq və viza məsələlərinə dair bölmə, Azərbaycanda baş verən hadisələrə dair aktual xəbərlər, eləcə də Azərbaycanla əlaqədar bir sıra digər informasiya mənbələrinə keçidlər yerləşdirilmişdir.

Təxminən iki yüz illik tarixə söykənən Azərbaycan-Almaniya münasibətləri davamlı və hərtərəfli şəkildə inkişaf etməkdədir. İki ölkə arasında qarşılıqlı etimad və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər, o cümlədən dinamik siyasi dialoq, iqtisadi, humanitar, mədəniyyət, idman, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq mövcuddur.

Qarşılıqlı yüksək səviyyəli səfərlər ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişaf etməsi və dərinləşməsinə mühüm töhfə verir. Azərbaycan və Almaniya həmçinin beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu coğrafiyada, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan multikulturalizm və dini tolerantlıq dəyərləri, eləcə də füsunkar təbiəti ilə seçilən rəngarəng ölkədir.

Ümidvaram ki, internet səhifəmizdən bəhrələnməklə Azərbaycanın daxili və xarici siyasəti, davamlı inkişafı, zəngin tarixi və mədəniyyəti, turizm potensialı, eləcə də Azərbaycan-Almaniya münasibətləri haqqında maraqlı məlumatlar əldə edə biləcəksiniz.

Sizi internet səhifəmizin imkanlarından faydalanmağa dəvət edir, eyni zamanda onun təkmilləşdirilməsi ilə bağlı təkliflərinizi dəyərləndirməyə hazır olduğumuzu bildirirəm.

İnternet səhifəmizə baş çəkdiyiniz üçün təşəkkür edirik.

Hörmətlə,

Ramin Həsənov

 

Azərbaycan Respublikasının

Almaniya Federativ Respublikasında    

fövqəladə və səlahiyyətli səfiri