2015-07-28
Vitse-kansler Ziqmar Qabriel: Almaniya və Azərbaycan intensiv münasibətlərə malikdir

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji üzrə federal naziri Ziqmar Qabriel Azərbaycan Televiziyasına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab vitse-kansler, Azərbaycan və Almaniya arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?

- Almaniya və Azərbaycan intensiv münasibətlərə malikdir. Bunu 2015-ci ilin yanvar ayında Prezident İlham Əliyevin Almaniyaya səfəri sübut edib. Cari ilin iyul ayında, həmçinin mən də Azərbaycana səfər etməyi planlaşdırırdım. Lakin səfərə az qalmış Yunanıstan ətrafında yaranmış aktual vəziyyət mənim Berlində olmağımı şərtləndirdi və buna görə səfərimi təxirə salmalı oldum. Bundan çox təəssüflənirəm və ən yaxın müddətdə bu səfəri reallaşdırmağı düşünürəm.

- İkitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün həm Almaniya, həm də Azərbaycanda biznes forumlar keçirilir. Bu qəbildən olan növbəti tədbir Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə Bakıda təşkil olunacaq. Bu forumdan gözləntiləriniz nədir?

- Biz Azərbaycan ilə iqtisadi münasibətlərin inkişafında maraqlıyıq. Alman şirkətlərinin də ölkənizlə əməkdaşlığa marağı həddindən artıq böyükdür. Düşünürəm ki, yalnız hökumət səviyyəsində dialoq yetərli deyil. Həmçinin şirkətlər arasında mübadilə, habelə sosial və mədəni sahələrdə dialoq eyni dərəcədə mühüm əhəmiyyət kəsb edir.

- Cənab vitse-kansler, bildiyiniz kimi, bir müddət əvvəl Azərbaycanda Avropanın 50 ölkəsinin təmsil olunduğu ilk Avropa Oyunları keçirilib. Alman idmançılar bu mötəbər yarışda yüksək nailiyyətlər qazandılar. Fürsətdən istifadə edərək, sizi bu münasibətlə təbrik edirik. Bununla belə, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı bir sıra alman mətbu orqanları, habelə Bundestaqın bəzi üzvləri ölkəmizə qarşı qərəzli tənqidi fikirlər səsləndirdilər. Bu barədə fikrinizi bilmək istərdik.

- Azərbaycanda keçirilmiş Avropa Oyunları alman mətbuatında ətraflı şəkildə yayımlandı. Təbii ki, belə böyük beynəlxalq tədbirlər barədə yazılarkən yalnız idman məsələlərinə deyil, həmçinin tədbirə ev sahibliyi edən ölkənin gündəlik həyatına aid məsələlərə də toxunulur. Bu, Olimpiya Oyunlarında və ya futbol üzrə keçirilən dünya çempionatlarında da fərqli deyil. Düşünürəm ki, bir-birimizi yaxşı tanımaq vacibdir. Bunun üçün isə belə idman tədbirləri yaxşı fürsətdir. İdman yarışları xalqlar arasında anlaşmanın əldə olunmasına mühüm töhfə verə bilər. Sizin sualınızla bağlı deməliyəm ki, mən ayrı-ayrı deputatların fikirlərini və ya mətbu orqanların yazdıqlarını şərh edə bilmərəm. Lakin əminəm ki, tərəflər arasında mürəkkəb mövzuların qarşılıqlı hörmətə əsaslanan müzakirəsi, həmçinin ölkələr arasındakı yaxşı münasibətlərin göstəricisidir.

AZƏRTAC

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop