2015-06-09
Azərbaycanın Almaniyadakı Səfirliyi bəzi alman KİV-lərində ölkəmizə qarşı aparılan kampaniyaya qarşı bəyanat yaydı

Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi bəyanat yayaraq son günlərdə Almaniya mətbuatında ilk Avropa Oyunları kontekstində Azərbaycan haqqında yayılmış qərəzli məlumatları ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası adlandırıb. Bəyanatda bu kampaniyanın fəal daşıyıcıları olan “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Kristof Beker, “Der Tagesspiegel” qəzetinin müxbiri Klaudia fon Zaltsen, “Deutschlandradio” şirkətinə məxsus olan radio-kanalların simasında ölkəmiz haqqında qeyri-obyektiv xəbərlər yayan mətbuat nümayəndələri sərt tənqid olunub. Bəyanatda diqqətə çatdırılır ki, sözügedən mətbu orqanlarında ölkəmizin ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil,  uydurma və ya natamam məlumatlara əsaslanır və ölkəmiz haqqında müsbət məqamlar isə göz ardı edilir. “Azərbaycanda insan hüquqları və mətbuat azadlığının vəziyyəti haqda səsləndirilən tənqid əsassızdır, çünki o, dərin jurnalist araşdırmaları və obyektiv siyasi analizə söykənmir” deyə bəyanatda qeyd olunur.

Səfirlik verdiyi bəyanatda Avropa Oyunlarının əhəmiyyətini şübhə altına almağa çalışan qarayaxma kampaniyasına sərt şəkildə etiraz edib. Bəyanatda bildirilir ki, bu yarışın keçirilməsi haqda qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında böyük səs çoxluğu ilə qəbul edilib və Avropa Olimpiya Komitəsinin üzvü olan 50 Avropa ölkəsinin hamısı ilk dəfə Bakıda keçirilən Avropa Oyunlarında iştirak edirlər. Azərbaycanın ilk Avropa Oyunlarına hazırlığının dəfələrlə beynəlxalq idman mütəxəssisləri, xüsusilə də Avropa İdman Komitəsinin prezidenti Patrik Hikey tərəfindən yüksək qiymətləndirildiyi vurğulanır. Avropa idman ictimaiyyətinin Avropa Oyunlarına böyük əhəmiyyət verdiyi halda, mətbuatda Oyunları qərəzli şəkildə tənqid edən məlumatların yayılması heç cür başa düşülmür.

Səfirliyin yaydığı bəyanatda Azərbaycanın müstəqilliyinin 24 ilində məqsədyönlü və səmərəli şəkildə demokratik inkişaf yolu keçdiyi, hüquqi dövlətçilik və azad bazar iqtisadiyyatı istiqamətində böyük uğurlar əldə etdiyi vurğulanıb, söz və fikir azadlığının tam şəkildə təmin olunması konkret faktlarla diqqətə çatdırılıb. Səfirlik həmçinin Ermənistan təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 %-nin işğalı altında olması və bir milyon azərbaycanlının öz evindən qovulmasına etiraz etməyən KİV-ləri ikiüzlükdə ittiham edib.

Bəyanatın sonunda bildirilir ki, “Səfirlik Almaniyanın idman ictimaiyyəti və siyasətçilərini ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasından uzaq durmağa çağırır. İdman yarışı mənfi məqsədlər üçün siyasiləşdirilməli deyil, xalqlar arasında anlaşma yaratmaq üçün istifadə olunmalıdır.”

 

növbəti xəbər əvvəlki xəbər