2015-05-29
Respublika günü Almaniyada qeyd edilib

27 may tarixində Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında Respublika günü-Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə qəbul keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov salamlama nitqi ilə çıxış edib. Səfir Pərviz Şahbazov yerləşdiyi regionda aparıcı dövlətə çevrilmiş Azərbaycanın müxtəlif sahədə əldə etdiyi uğurlar, Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bugünkü vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ildə Almaniyaya etdiyi iki işgüzar səfərin bu münasibətlərin inkişafına verdiyi töhfə, habelə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verib. Səfir eyni zamanda tədbir iştirakçılarını yaxınlarda Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı izləmək üçün Azərbaycana dəvət edib və “Azərbaycan Hava Yolları”nın Bakı-Berlin marşrutu üzrə birbaşa uçuşlarının açılmasını onların diqqətinə çatdırıb.

Daha sonra tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Tədbirə Almaniyanın ictimai-siyasi həyatının, elmi və mədəni dairələrinin nümayəndələri, AFR hökumətinin təmsilçiləri, Bundestaqın üzvləri, eləcə də xarici diplomatik korpusun, Almaniya mətbuatının, Azərbaycan və türk diasporunun nümayəndələrindən ibarət təxminən 300 nəfər qonaq qatılıb. AFR XİN-in Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kord Mayer-Klodt səfir Pərviz Şahbazovu Respublika günü münasibətilə AFR hökuməti adından təbrik edib.

Tədbirdə həmçinin “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” başlıqlı konfransda iştirak etmək üçün Berlinə gəlmiş Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, professor Kamal Abdullanın rəhbərlik etdiyi hökumət və dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.

 

 

növbəti xəbər əvvəlki xəbər