2015-05-08
Ulu öndərin əziz xatirəsi Berlində yad edilib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan axşamı təşkil edib. Berlinin gözəl və tarixi binalarından olan Şarlottenburq bələdiyyəsində keçirilmiş tədbirə 200-dən artıq iştirakçı qatılıb.

Qonaqları salamlayan ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov giriş nitqində Ulu öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Səfir bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 90-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən ölkəmiz məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində güclü, müvəffəqiyyətli və sabit iqtisadi gücə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir xüsusilə indiki dövrdə çoxsaylı münaqişələrdən əziyyət çəkən dünyanın bu cür liderlərə böyük ehtiyacı olduğunu vurğulayıb. Pərviz Şahbazov Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini daim minnətdarlıq və ehtiramla andığını bildirib.

Tədbir Azərbaycandan təşrif buyurmuş musiqiçilər - Azərbaycan Respublikasının xalq artistləri Fidan və Xuraman Qasımovaların, eləcə də Bakı Musiqi Akademiyasının dosenti Nigar Məlikovanın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünya korifey bəstəkarlarından nümunələr səsləndiriblər.

Sonda tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Azərbaycan axşamında Almaniya Bundestaqının deputatları, Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniyanın siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, Almaniyada təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər