2015-04-30
Azərbaycanın AFR-dəki Səfirliyi alman jurnalistlərlə görüşdü

Cari ilin 29 aprel tarixində Azərbaycanın Almaniyadakı Səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə görüş keçirilib.

Tədbirdə “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlaşması, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, ölkəmizin iri miqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, bu tip beynəlxalq tədbirlərin ölkəmizin inkişafının göstəricisi olması və onun beynəlxalq aləmdə tanınmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb, jurnalistlərin ölkəmizə dair sualları cavablandırılıb.  

Qonaqları salamlayan səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırki vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığının iddia edilməsini böyük yanlışlıq adlandırıb. Pərviz Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü ildə hərbiləşmə hesabatında Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada 1-ci yerdədir. Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq azad etməkdən boyun qaçıran Ermənistan yaradır.

Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan Pərviz Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, ASAN xidmət mərkəzlərinin yaradılmasını alman jurnalistlərin diqqətinə çatdırıb.

Daha sonra Səfirliyin müşaviri Rizvan Nəbiyev Azərbaycanın xarici siyasətində enerji əməkdaşlığının yeri və rolu, Ermənistan təcavüzünün ölkəmiz və  region üçün nəticələri, eləcə də ölkəmizin xarici siyasətinə təsir göstərən geosiyasi faktorlar barədə mühazirə ilə çıxış edib. Rizvan Nəbiyev Azərbaycanın Avropanın enerji təchizatında indiyədək oynadığı rolu, Şah Dəniz 2 qaz layihəsinin töhfəsini, TAP və TANAP layihələrini, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı üçün mövcud maneələri vurğulayıb.

Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Azərbaycan Səfirliyinə Almaniya mətbuat nümayəndələrinin qəbul edilməsi üçün təşəkkür edib. Alman jurnalist Səfirlikdə keçirilən bu görüşü Azərbaycana dair mətbuat təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb. Alman Jurnalistlər Birliyi (Deutscher Journalisten-Verband Berlin) Almaniyanın paytaxtı Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir. Təşkilatın 4000-dən artıq üzvü vardır.
növbəti xəbər əvvəlki xəbər