2015-11-18
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində Azərbaycan–Almaniya əməkdaşlığı uğurla davam edir

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 16-da Berlində işgüzar səfərdə olub.

Komitədən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində komitə sədri Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsinin rəhbəri Bruno Kahl ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib. Həmçinin, cari ildə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışılıb, dövlət əmlakının daha səmərəli üsullarla və şəffaf şəkildə özəlləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb və ölkələrin müvafiq təcrübələri ilə bağlı tərəfləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılıb.

Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, 2013-cü ilin fevral ayında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilib.

Baş İdarə Almaniya Federativ Respublikasında sənaye müəssisələri və federal daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət göstərən dövlət qurumudur.

Görüşdə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov iştirak edib
 
növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop