2015-12-11
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan Respublikasının AFR-dəki Səfirliyində anıldı

11 dekabr tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib.

Tədbiri açan Almaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Pərviz Şahbazov çıxışında Sovet dönəmində Azərbaycanın iqtisadiyyatının dirçəlməsi, ölkəmizin milli-mədəni irsinin qorunması və Azərbaycan dilinin inkişafının məhz dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Müstəqilliyimizin ilk illərində qonşu Ermənistanın hərbi təcavüzü və ölkə daxilində hərc-mərcliyin hökm sürdüyü bir şəraitdə dövlətçiliyimizin məhz Heydər Əliyev şəxsiyyətinin sayəsində qorunub saxlandığını diqqətə çatdıran səfir bu gün bir sıra dünya ölkələrində baş verən neqativ proseslər, siyasi və iqtisadi tənəzzülü təhlil edəndə güclü şəxsiyyətin dövlətçiliyin möhkəmlənməsi və inkişafında əvəzedilməz roluna bir daha əmin olunduğunu vurğulayıb. Pərviz Şahbazov əsası Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda da uğurla davam etdirilən müstəqil siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə Almaniyada yaşayan Azərbaycanlı musiqiçilər prof. Sayalı Dadaş və Emin Məmmədovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirin sonunda qonaqlar şam süfrəsinə dəvət olunublar.     

Tədbirdə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Səfirliyin əməkdaşları, Almaniyada yaşayan azərbaycanlı və türk diasporlarının nümayəndələri, Almaniyanın elmi və siyasi dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

 

növbəti xəbər əvvəlki xəbər