2016-03-17
İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Federika Moqerininin Azərbaycana səfərindən bir neçə həftə sonra ölkəmizə səfərə gəlmək imkanı əldə etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Herbert Salber Federika Moqerininin ölkəmizə səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını dedi. O bildirdi ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.

Dövlətimizin başçısı Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin uğurlu və məhsuldar olduğunu vurğuladı. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev gələcək tərəfdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər