2016-04-28
Azərbaycanın Almaniyadakı səfiri Qarabağ həqiqətləri barədə geniş məruzə etdi

Berlin, 28 aprel 2016-cı il. 27 aprel tarixində Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniyanın Beynəlxalq Siyasət və Beynəlxalq Hüquq Birliyində “Azərbaycan Cənubi Qafqazda sabitlik lövbəri və Avropanın enerji tərəfdaşı kimi. Siyasi, iqtisadi və təhlükəsizlik prizmasından baxış” başlıqlı geniş təqdimatla məruzə edib.

Səfir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı beynəlxalq layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırırlmış xarici siyasəti, ölkəmizin multikulturallıq ənənələrinin onun siyasi mədəniyyətində oynadığı rol, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin tarixi və bugününə dair geniş məlumat verib.  

Təqdimatda əsas yer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə verilib. Dağlıq Qarabağ bölgəsinin və münaqişəsinin tarixindən danışan ölkə səfiri  ermənilərin Cənubi Qafqaza köçürülməsi, müxtəlif vaxtlarda Azərbaycanın tarixi torpaqlarının Ermənistana birləşdirilməsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları haqda tədbir iştirakçılarını məlumatlandırıb, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini sübutlarla ifşa edib. Münaqişənin beynəlxalq hüquqi aspektlərinə toxunan səfir beynəlxalq təşkilatların qərarlarını diqqətə çatdıraraq, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını  bildirib. Pərviz Şahbazov cəbhə xəttində davam edən gərginliyin səbəblərinə də aydınlıq gətirib, işğalçı qüvvələrin atəşkəsi pozması nəticəsində  mülki əhali arasında olan itkilər, eləcə də mülki obyektlərə vurulan zərəri qeyd edib.

Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, bunun üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməli, hüquqları pozulmuş yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarına qayıda bilməlidirlər. Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın dinc yanaşı yaşamasından ibarətdir.

Geniş təqdimatdan sonra ölkə səfiri tədbir iştirakçılarının Azərbaycanın qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu, Azərbaycan-Avropa İttifaqı əlaqələri və digər mövzularda verilmiş sualları cavablandırıb.   

növbəti xəbər əvvəlki xəbər