2016-05-10
Ulu öndərin əziz xatirəsi Berlində yad edilib

Berlin, 10 may 2016-cı il. Cari ilin 9 may tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.

Qonaqları salamlayan ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov giriş nitqində Ulu öndərin Azərbaycanın müstəqillik tarixində yeri və rolundan danışib. Səfir bildirib ki, Ermənistanın təcavüzü və daxildəki hərc-mərclik nəticəsində 90-cı illərin əvvəllərində gələcəyi qaranlıq görünən ölkəmiz məhz Heydər Əliyevin apardığı uzaqgörən dövlət quruculuğu islahatları nəticəsində regionda aparıcı gücə çevrilib. Heydər Əliyev şəxsiyyətini xarakterizə edən səfir onun hər zaman, ən çətin məqamlarda da xalqının yanında olduğunu və hətta Sovet dönəmində də ölkəsinin vətənpərvər lideri olduğunu vurğulayıb.

Pərviz Şahbazov bildirib ki, ümummilli lider Azərbaycan xalqına uzaqgörən zəka ilə düşünülmüş daxili və xarici siyasət miras qoyub. Azərbaycan bu gün də onun yolunu davam etdirir, regionda sabitliyə və inkişafa xidmət edən irimiqyaslı layihələr həyata keçirir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan səfir Ermənistanın hazırki status kvonu saxlamaq üçün hər vasitəyə əl atdığını vurğulayıb və beynəlxalq ictimaiyyəti münaqişənin həllinə töhfə verməyə çağırıb.    

Tədbir Almaniyada yaşayan azərbaycanlı pianoçu Elnarə İsmayılova və soprano Silke Hartştanqın ifasında konsert proqramı ilə davam edib. Onlar Azərbaycan və dünya korifey bəstəkarlarından nümunələr səsləndiriblər.

Sonda tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Tədbirdə Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət qurumlarının təmsilçiləri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniyanın siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri, Almaniyada təhsil alan və tədqiqat aparan azərbaycanlı gənclər iştirak ediblər. Tədbirə ümumilikdə 120-yə qədər iştirakçı qatılıb.

növbəti xəbər əvvəlki xəbər