2016-05-24
Berlin Xəzər bölgəsi araşdırmaları Mərkəzində çıxış etdi

23 may tarixində Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər bölgəsi araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə sözü gedən Mərkəzin tədqiqatçıları və doktorantlarının Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovla görüşü keçirilib.

Berlin Xəzər bölgəsi araşdırmaları Mərkəzinin direktoru, professor Luts Metsin salamlama nitqindən sonra səfir Pərviz Şahbazov "Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu" başlıqlı təqdimatla məruzə edib.

Səfir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırırlmış xarici siyasəti və ölkəmizin multikulturallıq ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib. Pərviz Şahbazov tədbir iştirakçılarını Azərbaycanın "Cənub Qaz Dəhlizi"nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən "Şah Dəniz 2", "Cənubi Qafqaz" boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrinin icrasının cari vəziyyətinə dair məlumatlandırdı.

Ölkə səfiri eyni zamanda regionda inkişaf və əməkdaşlıq,  o cümlədən enerji layihələri üçün təhlükə törədən faktorlar barədə məlumat verdi. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid adlandırdı. Pərviz Şahbazov Ermənistanın beynəlxalq standartlara uyğun gəlməyən Metzamor AES-in fəaliyyətinin və Ermənistandan reaktiv materialların qaçaqmalçılığı hallarının yaratdığı real təhlükələr barədə məlumat verdi.      

Təqdimatdan sonra Pərviz Şahbazov tədbir iştirakçıları tərəfindən Azərbaycanın neft və qaz energetikasının gələcək perspektivləri, ölkəmizin öz qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu və digər mövzularda verilmiş sualları cavablandırıb.  

 BC CARE Lecture: S.E. Parviz Shahbazov Botschafter der Republik Aserbaidschan

növbəti xəbər əvvəlki xəbər