2016-06-30
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan ATƏT-in Fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb. Nazirlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqları davam etdirdilər.

Son il yarım ərzində möhtərəm cənab Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına 4 dəfə, habelə xarici işlər nazirləri səviyyəsində qarşılıqlı səfərləri xatırladan Nazir Elmar Məmmədyarov, həyata keçirilən bu yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında sıx siyasi dialoqun göstəricisi olduğunu dedi.

Nazir qeyd etdi ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mütəmadi əsasda davam etdirilir, ikitərəfli əlaqələrə aid və beynəlxalq gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılır. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcud olduğunu, beynəlxalq və regional təşkilatlar çərçivəsində Azərbaycanın Almaniya ilə əməkdaşlığını və bu çərçivədə qarşılıqlı dəstəyin təqdir edildiyini bildirdi.

Nazirlər ölkələrimiz arasında siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdilər. Frank-Valter Ştaynmayer Azərbaycanın Almaniyanın regionda əsas ticarət tərəfdaşı olduğunu söylədi.

Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyi qeyd edilərək, bu xüsusda Almaniya şirkətlərinin və sərmayəsinin daha yaxından Azərbaycan iqtisadiyyatına cəlb olunmasının vacibliyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında Azərbaycanın əhəmiyyətli rolu barədə danışdı, Almaniyanın da maraq dairəsində olan “Yeni İpək Yolu” layihəsinin reallaşmasının hər iki tərəfin maraqlarına cavab verdiyini qeyd etdi. O, ölkəmizin bu layihəyə verdiyi töhfənin regionun inkişafına fayda verəcəyinə, region ölkələri ilə Avropa İttifaqı üzv dövlətləri arasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyinə əminlik ifadə etdi.

Görüşdə vurğulandı ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaşdır və hal-hazırda icra olunan TANAP/TAP layihələri və bütövlükdə Cənub Qaz Dəhlizi alternativ mənbədən qaz təmin etməklə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən bu kimi irimiqyaslı nəqliyyat və enerji layihələrinin regionlar arasında əlaqələrin yaradılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi.

Görüşdə həmçinin, 2016-cı ilin 18-19 may tarixlərində ATƏT çərçivəsində Berlində keçirilmiş “Ticarət və Sərmayə üçün Əlaqə” adlı iqtisadi konfransın işi, ölkəmizin bu tədbirdə geniş tərkibdə iştirakı qeyd edildi.

Nazirlər ikitərəfli əlaqələrdə mədəniyyət və humanitar məsələlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdilər və bildirildi ki, gələn il Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi olacaq. Nazir Elmar Məmmədyarov Azərbaycanda yaxşı qorunmuş alman irsinin mövcud olduğunu dedi və bu irsin Azərbaycanın təşəbbüsü ilə YUNESKO-un mədəniyyət abidələri siyahısına daxil edildiyi barədə məlumat verdi. O, ölkəmizdəki Alman abidələrinin, xüsusən 4 kilsənin bərpa edildiyi qeyd etdi. 

Azərbaycan Avropa İttifaqı münasibətlərinə toxunan Elmar Məmmədyarov, ölkəmizin həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirdiyini, Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim edildiyini vurğuladı. O əlavə etdi ki, bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaqdır.

Nazir Elmar Məmmədyarov həmçinin Azərbaycanın mülki aviasiyasının Avropa Komissiyası ilə "Vahid aviasiya zonası sazişi"nə dair danışıqlar prosesinin bərpa edilməsi niyyətini təsdiq etdiyi barəsində məlumat verdi. 

Ermənistan-Azərbaycan münaqişəsindən və aparılan danışıqlar prosesindən danışan Elmar Məmmədyarov bildirdi ki, Azərbaycan tərəfi Almaniya Sədrliyinin ATƏT məkanında həlli uzanan münaqişələr məsələsini prioritet istiqamət kimi müəyyən etməsini və bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı irəliləyişin əldə edilməsinə yardım göstərmək səylərini yüksək qiymətləndirir. O, Fəaliyyətdə olan Sədrin münaqişə zonasındakı mövcud status-kvonun qeyri-davamlı və təhlükəli olması barədə fikrini bölüşdüyünü dedi. Nazir status kvonun dəyişdirilməsi üçün işğala son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Vyana və Sankt-Peterburq görüşlərinin nəticələrini müsbət qiymətləndirən nazir Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq üçün substantiv danışıqları davam etdirməyə hazırlığını bir daha ifadə etdi.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

növbəti xəbər əvvəlki xəbər