2016-09-23
Xarici işlər naziri Elmar Məmmədyarovun İnkişaf Hüququ üzrə Bəyannaməsinin 30-cu ildönümünə həsr olunan BMT Ali Məclisinin yüksək səviyyəli bölməsindəki çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun İnkişaf Hüququ üzrə Bəyannaməsinin 30-cu ildönümünə həsr olunan BMT Ali Məclisinin yüksək səviyyəli bölməsindəki çıxışı

Nyu-York, 22 September 2016-cı il

Hörmətli Sədr,

Xanımlar və cənablar,

İlk növbədə, inkişaf hüququnun reallaşdırılması üçün beynəlxalq əməkdaşlığı daha yaxşı təşviq edəcək fikir mübadiləsinin aparılmasına imkan verən belə bir əhəmiyyətli tədbirin bugünkü təşkilinə görə Baş Assambleyanın Sədrinə öz səmimi təşəkkürümü bildirmək istərdim.

Azərbaycan İnkişaf Hüququ üzrə Bəyannaməyə böyük əhəmiyyət verir. Mən bir daha Bəyannamədə təsbit olunan prinsiplərə hökumətimiz tərəfindən riayət edildiyini təsdiqləmək istərdim.

Ötən il biz burada, Nyu-York şəhərində milli və beynəlxalq səviyyədə inkişaf proqramının mərkəzi hissəsini təşkil edən Davamlı İnkişafa dair 2030 Gündəliyinin qəbulu kimi tarixi hadisəyə şahidlik etdik. 2015-ci ildən sonrakı inkişaf gündəliyi heç kimi gözardı etməməyi və ilk sıradan ən ucqar nöqtələrdə olanlara qədər hamını əhatə etməyi öhdəsinə götürür. Bəyannamə həmçinin, yoxsullar üçün əlverişsiz şəraitə malik və onlara inkişafın təsirlərindən faydalanmaqda mane olan struktur əngəllərinin aradan qaldırılmasına çağırır. Bəyannamə və 2030 Gündəliyi arasında əhəmiyyətli dərəcədə uyğunluq diqqətə layiqdir və Bəyannamənin prinsiplərinin praktik icrasına daha çox diqqət ayırılması üçün beynəlxalq ictimaiyyəti ruhlandırır.

Hörmətli iştirakçılar,

Son illər ərzində Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bir çox hədəflərinə, xüsusən ifrat yoxsulluq və aclığın aradan qaldırılması, universal ibtidai təhsilin təmin edilməsi və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələrə nail olmuşdur. Hazırda, Azərbaycan daha davamlı, inkluziv və şaxələnmiş iqtisadiyyatın inkişafına yönəlmiş Davamlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə almaqla öz milli davamlı inkişaf strategiyasını qəbul etməkdədir.

Hökumət əhalinin rifah halının yaxşılaşdırılması və vətəndaşlar tərəfindən mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlardan tam istifadənin təmin edilməsinə xidmət edən səmərəli idarəçilik, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarına hörmətin təmin edilməsi, ictimai xidmətlərə asanlaşdırılmış çıxış, hərtərəfli və bərabərhüquqlu təhsilin, gender bərabərliyi və qadınların rolunun gücləndirilməsi, sərfəli enerji və ətraf mühitin mühafizəsinə giriş imkanının təmin edilməsi sahəsində geniş-miqyaslı proqramlar həyata keçirmişdir. Azərbaycan insan inkişafı indeksində öz yerini ciddi şəkildə yaxşılaşdırmağa nail olaraq 2004-cü ildə 187 ölkə arasında 91-ci yerdən 2015-ci ildə 78-ci yerə və orta insan inkişafı qrupundan yüksək insan inkişafı qrupuna yüksəlməyə nail olmuşdur.

Bəyannamədə də qeyd edildiyi kimi, Dövlətlər inkişafın əldə edilməsi və inkişafın önündəki əngəllərin aradan qaldırılması istiqamətində bir-biriləri ilə əməkdaşlıq etməyə borcludur. Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, Azərbaycan xüsusilə Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi – AİDA vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi çağırışlara AİDA və digər kanallar vasitəsilə cavab verir.

BMT-nin İqtisadi və Sosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şurada üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına köməklik edəcəkdir.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər