2016-10-20
Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

20 oktyabr 2016-cı ildə Berlində fəaliyyət göstərən “Bakılı” klubunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə çıxış edənlər Azərbaycanın müstəqilliyini əldə etməsinin tarixi barədə qısa məlumat veriblər, hazırkı Respublikanın 1918-1920-ci illərdə müsəlman Şərqində mövcud olmuş ilk Azərbaycan Demokratik Respublikasının varisi olduğu barədə danışıblar. Tədbirdə 1991-ci ildə müstəqilliyin bərpa edilməsindən sonra ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışılıb. Bu uğurların ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət strategiyası sayəsində qazanıldığı vurğulanıb.

Tədbirdə 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycanın keçdiyi dərin siyasi, iqtisadi və sosial böhrana baxmayaraq, hər zaman milli və dini tolerantlığın nümunəsi olaraq qalması, ölkəmizdə multikulturalizm dəyərlərinin dövlət səviyyəsində təşviq olunması, 2016-cı ilin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsi faktları xüsusi vurğulanıb. Qeyd olunub ki, bu gün çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.

Sözü gedən tədbirdə həmçinin cari ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında Azərbaycan Respublikası Prezidenti tərəfindən diaspora fəaliyyətinin gücləndirilməsi, diasporumuzun təşkilatlanması ilə əlaqədar konkret vəzifə və tapşırıqların qoyulması barədə məlumat verilib.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop