2016-12-10
Azərbaycanın Almaniyadakı Səfirliyində diaspor təşkilatları ilə görüş keçirilib

2016-cı il 10 dekabr tarixində Azərbaycanın Almaniyadakı Səfirliyində  Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) idarə heyətinin iclası keçirilib və qurumun il ərzində fəaliyyətinin hesabatı dinlənilib. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iclasda iştirak edib.

Daha sonra Səfirliyin və AAKM-nin birgə təşkilatçılığı ilə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının ənənəvi illik görüşü keçirilib. Görüşdə Almaniyanın müxtəlif bölgələrini təmsil edən diaspor təşkilatlarının rəhbərləri, icma fəalları və səfirlik əməkdaşları iştirak ediblər. Görüş 2016-cı il ərzində həyata keçirilmiş diaspor işinin, onun nəticələrinin, habelə 2017-ci il üçün nəzərdə tutulmuş fəaliyyət planının müzakirəsinə həsr olunub.

Tədbiri giriş sözü ilə AAKM-nin icraçı direktoru Heydər Mirzə açıb.

Səfir Ramin Həsənov çıxış edərək görüş iştirakçılarını salamlayıb. O, Azərbaycan Respublikasının Prezidentinin diaspor qarşısında qoyduğu vəzifə və tapşırıqlardan bəhs edib, Almaniyadakı diaspor təşkilatlarımızın bu sahədə həyata keçirdiyi işləri qeyd edib, qarşıda duran fəaliyyətə, eləcə də Səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunub. Səfir diaspor işinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı təklif və tövsiyələrini diqqətə çatdırıb.

Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elnur Əliyev çıxış edərək gələcəkdə diaspor fəaliyyətinə daha kreativ yanaşmanın vacibliyi barədə danışıb.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova diaspor cəmiyyətlərinin qarşılaşdığı problemlər, görülməsi vacib olan işlərdən bəhs edib.

Daha sonra diaspor cəmiyyətlərinin rəhbərləri və fəalları ilə müzakirələr interaktiv dialoq şəklində davam etdirilib, Almaniyada məskunlaşan azərbaycanlıların alman cəmiyyətinə inteqrasiyası, Azərbaycanın Almaniyada təbliğ edilməsi ilə bağlı informasiya işi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop