2017-01-18
Səfir Ramin Həsənov Caspian Energy portalına müsahibə verib

Caspian Energy: Cənab Səfir, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini inteqrasiya deyil, strateji əməkdaşlıq səviyyəsində qurmağa meylli olduğunu gizlətmir. Bu baxımdan, yaxın illərdə Azərbaycanla Almaniya arasında əməkdaşlığı necə görürsünüz? İki ölkə arasındakı münasibətlərdə əməkdaşlıqla inteqrasiya arasında sərhəd haradadır?

Ramin Həsənov: İnteqrasiyadan o zaman söhbət gedə bilər ki, bir ölkə hər hansı beynəlxalq struktura və ya beynəlxalq təşkilata üzv olaraq onun tərkib hissəsinə çevrilmək istəsin. Digər tərəfdən hər hansı dəyərlər sisteminə inteqrasiyadan söhbət gedə bilər. Qeyd etdiyiniz kimi, ölkəmiz Aİ-nın üzvü olmaqla bağlı hər hansı bir niyyət və ya təkliflə çıxış etməyib, yalnız onunla qarşılıqlı faydalı, bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin tərəfdarıdır. Hazırda ölkəmiz həm Avropa İttifaqı, həm də onun üzvü olan Almaniya ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan bir müddət əvvəl Avropa İttifaqına Strateji Tərəfdaşlıq barədə Saziş layihəsini təqdim edib. Məlum olduğu kimi, Avropa İttifaqının Komissiyası və Xarici Əlaqələr Xidmətinə Azərbaycanla danışıqlara başlamaq üçün müvafiq mandat verilib. Qeyd edim ki, belə sənədlərin həm də ikitərəfli qaydada Avropa İttifaqı üzvü olan ölkələrlə bağlanması da bizim üçün əhəmiyyətlidir. Artıq bir neçə Avropa İttifaqı üzvü olan ölkə ilə bu tipli sənədlər imzalanıb. O cümlədən səfirliyimiz tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqda razılaşmaya dair Birgə Bəyannamə” adlı layihə Almaniya tərəfinə təqdim olunub və hazırda baxılmaqdadır.

Azərbaycan və Almaniya arasındakı artıq uzun illərdir ki, qarşılıqlı faydalı, bərabərhüquqlu və məhsuldar əməkdaşlıq mövcuddur. Ölkələrimiz arasında ən yüksək səviyyədə siyasi dialoq hökm sürür. İqtisadi münasibətlərimiz sürətlə inkişaf edir. Bu bizim üçün əsas prioritet sahələrdən hesab olunur. Eyni zamanda mədəniyyət, turizm, idman, sosial, incəsənət  və digər sahələrdə yaxşı münasibətlərimiz var və bu ölkə ilə əməkdaşlığın bütün sahələrdə inkişafı bizim üçün əhəmiyyətlidir. Həm Azərbaycan, həm də Almaniya ölkələrimiz arasında mövcud olan səmərəli əməkdaşlığın dərinləşməsində və daha yüksək səviyyəyə çatdırılmasında maraqlıdır.

 

Caspian Energy: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyununda Berlinə səfəri ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına necə təsir göstərdi? Hazırda Almaniya ilə hansı prioritet istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsində maraq var?

Ramin Həsənov: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 6-7 iyun tarixlərində AFR Kansleri Anqela Merkelin dəvətilə Almaniyaya etdiyi səfər iki dövlət arasında münasibətlərin inkişafına böyük töhfə vermiş oldu.

Səfər çərçivəsində cənab Prezident və AFR Kansleri arasında keçirilmiş görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər əhəmiyyətli mövzulara dair geniş müzakirələr aparıldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və AFR-in Vitse-kansleri, iqtisadiyyat və enerji naziri cənab Ziqmar Qabrielin iştirakı ilə Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun keçirilməsi, Forumda hər iki tərəfdən biznes dairələrinin 300 nəfərdən çox yüksək səviyyəli təmsilçisinin iştirak etməsi, Almaniya və Azərbaycan şirkətləri arasında əməkdaşlığa dair müxtəlif sənədlərin imzalanması onun göstəricisidir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlı dərinləşdirmək və biznes əlaqələrini genişləndirmək üçün böyük maraq mövcuddur. Alman tərəfdaşlarımızın sözləri ilə ifadə etsək, sözügedən Forum Almaniya tərəfindən “nəhəng maraqla” qarşılanıb.

Dövlət başçımız 2016-cı ilin yanvar ayında da Münhen Təhlükəsizlik Konfransında iştirak etmək məqsədilə Almaniyaya səfər edib. Bundan başqa, cari ildə Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Elmar Məmmədyarov və AFR-in Xarici işlər naziri Frank-Valter Ştaynmayer müvafiq olaraq Almaniya və Azərbaycanda qarşılıqlı səfərlərdə olublar.

Qeyd edilən qarşılıqlı səfərlər onu göstərir ki, ölkələrimiz aramızda iqtisadi əməkdaşlığın da inkişafı üçün vacib olan çox fəal siyasi münasibətlər mövcuddur.

Ölkəmiz Almaniya ilə kənd təsərrüfatı, nəqliyyat, turizm və digər prioritet sahələrdə əməkdaşlığı genişləndirməyə can atır. Biz ölkə iqtisadiyyatı üçün prioritet hesab olunan sahələrdə alman şirkətlərinin investor kimi cəlb edilməsində maraqlıyıq.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq indikindən daha böyük potensiala malikdir. İqtisadi əlaqələrin genişlənməsi üçün ölkəmizin bugünkü investisiya mühiti əlverişli imkan yaradır. 1995-ci ildən bəri Azərbaycana 200 milyard dollar investisiya yatırılıb, bunun təxminən yarısı xarici investisiyalardır. Son zamanda həyata keçirilmiş iqtisadi islahatlar, o cümlədən ölkə iqtisadiyyatının şaxələndirməsi üçün tədbirlər ölkənin biznes mühitini daha da möhkəmləndirib. Mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatları və bəyanatlarını nəzərə alaraq əminliklə demək olar ki, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.

Ümumiyyətlə, Azərbaycan və Almaniya arasında əlaqələr çox geniş spektri əhatə edir. Biz Almaniya ilə həmçinin təhsil, tibb, idman kimi sahələrdə də fəal əməkdaşlıq edirik. Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı çərçivəsində təxminən 400 nəfər gənc azərbaycanlı Almaniyada təhsil alıb və ya almaqdadır. Almaniya təcrübəsi və texnologiyası ölkəmizdə yüksək qiymətləndirilir. Bundan yararlanmaq üçün əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli münasibətlərimizin prioritet kəsb edən sahələrindəndir.    

İkitərəfli münasibətlərimizdə hazırda gündəmdə olan mövzulardan biri peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsidir. Azərbaycanda peşə təhsilinin inkişafı ölkə rəhbərliyinin diqqətində olan məsələdir və bu sahədə Almaniya ilə əməkdaşlıq imkanları mövcuddur. Sumqayıt Kimya Sənaye Parkında yeni tikilmiş peşə məktəbində alman modelində peşə təhsilinin yaradılması üzərində iş gedir. 

 

Caspian Energy: Almaniya kansleri Anqela Merkelin Bakıya cavab səfəri gözlənilirmi?  

Ramin Həsənov: Təbii ki Azərbaycan tərəfi AFR Kanslerini ölkəmizdə rəsmi və ya işgüzar səfərdə qarşılamağa hazırdır. Belə səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verəcəyi qənaətindəyik. Cari il başa çatmaq ərəfəsindədir və bilirik ki, 2017-ci il Almaniyada seçki ilidir. Bundestaqa seçkilərin keçirilməsi gözlənilir. Federal Kanslerin seçki ilində xüsusi sıx qrafiklə işləyəcəyini təxmin etmək çətin deyil. Lakin biz Federal Kanslerin yaxın gələcəkdə ölkəmizə səfər etməsi üzərində işimizi davam etdiririk və belə bir səfərin yaxın gələcəkdə reallaşacağına ümid edirik. 

 

Caspian Energy: Sizin missiyanızın Almaniyada qarşıya qoyduğu məqsəd və vəzifələr hansılardır?   

Ramin Həsənov: Azərbaycan-Almaniya əlaqələri təxminən 200 illik tarixə söykənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə tədbirlər planının hazırlanmasına dair sərəncam imzalayıb. Azərbaycan rəhbərliyi Azərbaycandakı alman irsinin qorunub-saxlanmasına xüsusi diqqət yetirir. Biz bu mövzunun Almaniyada təşviq olunmasını iki ölkə arasında əməkdaşlığın dərinləşməsi və xalqlarımızın yaxınlaşması baxımından əhəmiyyətli hesab edirik. 

Gələn il həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. İki ölkə arasında qeyd olunduğu kimi dinamik siyasi dialoq yaranmışdır. Almaniya eyni zamanda Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi maraqlı ölkədir. Azərbaycan isə regionumuzda aparıcı iqtisadi güc və sabitləşdirici faktordur, mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan regional layihələrin təşəbbüskarı və icraçısıdır. Ona görə də Azərbaycanla əlaqələrin inkişafı Almaniya üçün əhəmiyyətlidir. Hazırda məqsədimiz iki ölkə arasındakı münasibətləri strateji müstəviyə çıxarmaqdır.

Almaniya eyni zamanda bu il ATƏT-ə sədrlik etmişdir. Bu təşkilatın Minsk Qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik edən əsas qurumdur. Almaniya tərəfi dəfələrlə hazırkı status kvonun saxlanılmasının mümkün olmadığını bəyan edib və münaqişənin həllinə səsləyən çağırışlar edib. Biz Almaniyanın münaqişənin həllinə töhfə vermək üçün daha fəal olmasını arzulayırıq və bu istiqamətdə işimizi davam etdiririk.

Ölkələrimiz arasında mədəniyyət sahəsində münasibətlər də yüksək səviyyədədir. Bildiyiniz kimi, ilk dəfə Avropada Azərbaycan Mədəniyyət İli məhz 2008-ci ildə Almaniyada keçirilib. Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2014-cü illərdə Almaniyanın böyük şəhərlərində mədəniyyət tədbirləri keçirilib. Ölkələrimiz arasında mədəniyyət mübadiləsinin ikitərəfli münasibətlərdə özünəməxsus yeri vardır. Mədəniyyət sahəsində münasibətlərin inkişaf etdirilməsinin böyük potensialını görürük, bu istiqamətdə çalışırıq. 

Öncə qeyd etdiyim kimi, ölkəmizin investisiya mühiti Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlərin daha da inkişafı üçün böyük potensial yaradır. Sözügedən investisiya mühitinin Almaniyada daha yaxşı tanıtdırılması, alman şirkətlərinin Azərbaycana investor olaraq cəlb edilməsi, eləcə alman bazarına maraq göstərən Azərbaycan şirkətlərinin işgüzar əlaqələr qurmasına dəstək göstərilməsi bizim üçün prioritet məsələlərə aiddir. 

Azərbaycanın önəm verdiyi məsələlərdən biri də onun turizm ölkəsi olaraq tanıtdırılmasıdır. Bildiyiniz kimi, Almaniyanın Berlin və Frankfurt şəhərləri ilə Bakı arasında ilə birbaşa təyyarə uçuşları mövcuddur. Azərbaycanın zəngin tarixi və mədəni abidələri, ölkəmizin mədəni müxtəlifliyi, gözəl təbiəti, Bakı şəhərinin sürətlə inkişaf edən memarlığı alman turistləri üçün maraq mənbəyi hesab oluna bilər. Ölkəmizin böyük turizm imkanlarının Almaniyada tanıtdırılması bizim işimizin əsas istiqamətlərindən sayılır.

 

Caspian Energy: Avropa İttifaqı bu gün Azərbaycanın ən nəhəng ticarət tərəfdaşı və investorudur. Bu dövriyyədə Almaniya iqtisadiyyatı hansı paya sahibdir?

Ramin Həsənov: Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsindən ibarətdir. Doğru buyurursunuz ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşıdır. Almaniya öz növbəsində dünyanın və Avropanın aparıcı ölkələrindən biridir.

Bizim ticarət əlaqələrimiz ildən ilə genişlənir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. AFR İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın xüsusi çəkisi təxminən 80% təşkil edib. Həmin statistikaya əsasən, ötən ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,9 milyard avro olub. Azərbaycan AFR-i neftlə təmin edən ölkələr sırasında 6-cıdır. 2015-ci ildə Almaniyaya Azərbaycandan 5,3 milyon ton xam neft idxal olunub.

Azərbaycanda artıq 170-ə yaxın alman şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 400 milyon dollardan çox investisiya yatırılıb.

12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılıb. MDB məkanında rəsmi şəkildə açılmış ikinci alman xarici ticarət palatasının Bakıda açılması iki ölkə arasında iqtisadi münasibətlərin dinamik inkişafının, alman iqtisadi dairələrinin ölkəmizə böyük marağının göstəricisidir. Hazırda Ticarət Palatasının hər iki tərəfdən 130-dan çox üzvü var. Bu qurum ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.

2011-ci ildə ticarət və investisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupu yaradılıb. Bu günədək işçi qrupunun sonuncu dəfə cari ilin 23-24 noyabr tarixlərində Bakıda olmaqla altı iclası keçirilib. Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verir.

Almaniya Azərbaycan-Avropa İttifaqı enerji əməkdaşlığında da əhəmiyyətli rol oynayır. İki ölkə arasında enerji əməkdaşlığı sahəsində qanunvericilik, enerji təhlükəsizliyi və etibarlılığa dair təcrübənin öyrənilməsi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının müasirləşdirilməsi, enerji səmərəliliyi, enerjiyə qənaət və bərpaolunan enerji növlərinin inkişafı kimi istiqamətləri əhatə edir.

Xəzər qazını Avropaya nəql edəcək Trans-Adriatik boru kəməri (TAP) layihəsində Almaniyanın E.ON şirkəti 2014-cü ilədək 9% paya malik olub. E.ON həm də Şah Dəniz konsorsiumu ilə 25 il müddətinə 40 milyard kubmetr Azərbaycan qazının Avropaya nəqlinə dair müqavilə imzalayıb.

ARDNŞ “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı və işlənilməsi üzrə Almaniyanın “RWE” şirkəti ilə, enerji və buxar istehsalı üzrə isə UNIPER şirkəti ilə əməkdaşlıq edir.

Ölkəmizin Almaniya ilə əməkdaşlıq etdiyi sahələrdən biri də müəssisələr üçün kadr hazırlığıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 299 azərbaycanlı sahibkar və gənc menecer Almaniyanın müxtəlif tədris mərkəzlərində və müəssisələrində təlim və təcrübə keçiblər.

 

Caspian Energy

növbəti xəbər əvvəlki xəbər