2017-03-07
Mədəniyyət və turizm naziri Almaniya Bundestaqının deputatı ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Almaniyaya səfəri çərçivəsində Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrens ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Almaniya-Azərbaycan əlaqələri, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyinin qeyd edilməsi və digər məsələlər barədə ətraflı müzakirələr aparıldı.

Azərbaycanın dünyada mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə olmasını vurğulayan nazir, xanım parlamentarini Bakıda keçiriləcək qlobal əhəmiyyətli tədbirlər barədə də məlumatlandırıb.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımızın mədəniyyətinə vurulmuş ziyan xüsusilə qeyd edilib.

Ə.Qarayev Karin Ştrensi mayın 5-6-da Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Səfər çərçivəsində nazir “İTB Berlin” sərgisində Azərbaycan stendinin açılışında, həmçinin bu sərgi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək.

növbəti xəbər əvvəlki xəbər