2017-03-09
Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi Berlində qeyd olundu

Cari ilin 8 mart tarixində Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycanda alman məskənlərinin 200 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun adından ziyafət verilib.

Tədbiri giriş sözü ilə açan səfir Ramin Həsənov 2017-ci ilin iki dövlət arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illiyi ilə yadda qalacağını, dövlət başçısı cənab İlham Əliyevin sonuncuya dair sərəncam imzaladığını vurğulayıb. Səfir 200 illik yubiley münasibətilə Berlin Humboldt Universitetində həmin universitetin “Azərbaycan tarixi” kafedrasının müdiri prof. Eva-Maria Auxun təşəbbüsü ilə “Almanların Vürtemberq və Qafqaz arasında vətən axtarışı” başlıqlı foto-sərginin keçirildiyini də diqqətə çatdırıb.

Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir Ramin Həsənov iki ölkə arasındakı əməkdaşlığın bütün sahələrdə, o cümlədən mədəniyyət, turizm və humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini qeyd edib, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfərlərinin ikitərəfli münasibətlərə verdiyi töhfəni vurğulayıb. Ramin Həsənov həmçinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını ölkəmizin və regionun turizm potensialından daha yaxşı istifadə olunması üçün yeni imkanlar aça biləcəyini qeyd edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tarixən Azərbaycanda məskunlaşmış 500 alman ailəsinin ölkəmizdəki həyatının Azərbaycanda hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olmaqla bərabər, iki dövlət arasında mövcud olan hazırki münasibətlər üçün də möhkəm bünövrə təşkil etdiyini bildirib. Nazir Azərbaycanda mövcud olmuş tarixi alman məskənləri, onların qorunub saxlanması üçün görülən işlər, həmin ərazilərdə mövcud olan abidələrin ölkəmizin turizm imkanlarına töhfəsi barədə məlumat verib. O, Azərbaycanda alman məskənlərinin 200 illiyi münasibətilə cənab Prezident İlham Əliyev tərəfindən verilmiş sərəncama müvafiq olaraq hazırlanmış tədbirlər planı haqda danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı və bir milyondan çox azərbaycanlının öz evindən didərgin düşməsi barədə məlumat verib və ölkəmizin bu münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını diqqətə çatdırıb. Əbülfəs Qarayev Azərbaycanın dünya ölkələri və xalqları arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün gördüyü işlərdən danışıb, multukultural yaxınlaşma və digər mədəniyyətləri daha yaxından tanıma sayəsində dünyadakı bir çox problemlərin daha asanlıqla həll oluna bildiyini qeyd edib. Nazir bununla əlaqədar olaraq mədəniyyətlərarası dialoq üzrə Bakı prosesinin, o cümlədən cari ilin 5-6 may tarixlərində Bakıda keçiriləcək Mədəniyyətlərarası Dialoq üzrə Dördüncü Dünya Forumunun əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, AFR-in ölkəmizdəki keçmiş səfiri Haydrun Tempel iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi və Azərbaycanda alman məskənlərinin 200 illik yubileyinin Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. O, Berlin Humdoldt Universitetində qoyulmuş foto-sərgiyə Almaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dəstəyin göstərilməsini Almaniya hökumətinin bu yubiley tarixinə verdiyi dəyərin göstəricisi olduğunu qeyd edib. Haydrun Tempel bildirib ki, sözügedən sərgi Berlindən sonra Bakıda, Göygöldə, Gürcüstanda və Ukraynada qoyulacaqdır.

Azərbaycanda mövcud olan alman irsindən bəhs edən alman diplomat ölkəmizdəki tarixi alman məskənlərinin və abidələrinin mühafizəsi, restavrasiyası və təşviqi məqsədilə görülən işlərdən, hər iki tərəfdən irəli sürülən təşəbbüslərdən danışıb. Haydrun Tempel həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlıq olduğunu, Almaniyada 1100-ə yaxın azərbaycanlı gəncin təhsil aldığını və 2017-ci ildə Bakıda məşhur Qöte İnstitutunun nümayəndəliyinin açılacağını diqqətə çatdırıb. 

           Tədbirdə həmçinin Almaniya Bundestaqının deputatları, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri,  Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV-lərinin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər