2017-05-05
Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib

Bakı, 5 may

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiklərinə görə qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. Altı il bundan əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdir.

Bu, ilk növbədə, Forumun bu gün və sabah aparacağımız müzakirələrin əhəmiyyətini nümayiş etdirir. Biz fəxr edirik ki, Forumun tərəfdaşlarının, həm də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu Forumu UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə təşkil etmişdir.

Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir. Azərbaycan əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olmuşdur. Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə məruz qalacaqdır.

Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.

Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar. Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən olan, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim şəhəri Şəkidə yerləşir.

Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan Atəşgah Məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir. Bu gün Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması bizim tariximizi və bu sahədə olan siyasətimizi nümayiş etdirir.

Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir.

Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Bu il isə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya səbəb olur.

Biz məhz bu məsələlərin müzakirəsinə həsr olunmuş bir neçə beynəlxalq tədbir təşkil etmişik. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil edib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası dialoq məsələsini müzakirə edirik.

Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə yardım edir. Hesab edirəm ki, Azərbaycanın tarixi və bugünkü inkişafı uğur qazanmağın mümkünlüyünün yaxşı nümunəsidir.

Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə bilərik ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər. Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha təhlükəsiz etməyin yeganə yoludur.

Düşünürəm ki, sizin bu Forumda iştirakınız və müzakirələrin mövzuları bizim vahid iradəmizi və bu dəyərlərin təşviqi ilə bağlı siyasət və yanaşmamızı əyani şəkildə nümayiş etdirir.

Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda dövlətlərdən biridir.

Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə etmək üçün bir araya gəldi.

İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan “Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.

Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik. Azərbaycan Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.

Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda Avropa Oyunlarının keçirilməsi idi. Digər qitə oyunlarından fərqli olaraq, Avropada belə oyunlar heç vaxt təşkil edilməmişdi. Avropa Olimpiya Komitəsi belə bir oyunların keçirilməsi qərarını qəbul edəndə onlara ev sahibliyi etmək arzusunda olan ölkələrin sayı az idi. Səmimi desək, Azərbaycan Oyunların təşkilini öz üzərinə götürməyi təklif edən yeganə dövlət idi. Belə olmasaydı, həmin Oyunlar heç vaxt təşkil edilməyəcəkdi.

2015-ci il ilk Avropa Oyunlarının keçirilməsi ili oldu. Oyunlar Bakıda 5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu. Təbii ki, bu Oyunlar bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi. Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi. Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi. Oyunlar yüksək səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar olduqca məmnun və xoşbəxt idilər - istər təşkilatçılıq səviyyəsi, istərsə də Azərbaycan xalqı tərəfindən qarşılanma baxımından. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini nümayiş etdirdi.

Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni, iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir. Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir. Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var.

Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.

Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar. Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox çətin olar.

Bu təşəbbüslər və Azərbaycanın uğur hekayəsi, onun multikulturalizmin mərkəzinə çevrilməsi, - yeri gəlmişkən, biz Azərbaycanda Multikulturalizm Mərkəzi yaratmışıq, – onu nümayiş etdirir ki, biz həm doğru yol ilə, həm də uğurla irəli gedirik. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin bariz nümunəsidir.

Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25 yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.

Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir.

Üzləşdiyimiz ən böyük problem erməni işğalıdır. Təəssüf ki, müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.

Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi məhv edib. Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı, ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. BMT Təhlükəsizlik Şurası – dünyanın ən ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir ki, orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Həmin qətnamələrə 20 ildən artıqdır ki, əməl olunmur. Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və beynəlxalq hüququ kobudcasına pozur. Ancaq təcavüzkarı qətnamələrə əməl etməyə məcbur edən mexanizm mövcud deyil. Bu isə çox mühüm və xalqımızı dərindən narahat edən məsələdir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə isə 20 ildən artıq bir müddət keçir. Bu, ilk növbədə, ikili standartların və müəyyən mənada qərarların icra mexanizminin səmərəsizliyinin bariz nümunəsidir.

Münaqişənin həlli beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə, Helsinki Yekun Aktına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır.

Bu faciəyə və onun çox böyük iqtisadi yükünə baxmayaraq, - nəzərə alsaq ki, 1990-cı illərin əvvəlində ölkəmiz çox yoxsul olduğu halda bizim 1 milyondan artıq qaçqınımız var idi, yəni, bu, bizim üçün çox ciddi iqtisadi və sosial problem idi, - biz onun öhdəsindən gələ bildik. Səylərimizi səfərbər edərək güclü ölkə yarada bildik. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Azərbaycan beynəlxalq birliyin hörmətli üzvüdür. Bunu sübut etmək üçün bir sıra faktlar sadalaya bilərəm. Ancaq düşünürəm ki, yalnız biri kifayət edər.

Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir. Biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Eyni zamanda, Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və ya qəbul edilib.

Bu, bizim regionda oynadığımız roldur. Biz coğrafi yerləşməyimizi mühüm infrastruktur imkanlarına çevirməyə müvəffəq olmuşuq. Bizim təşəbbüskarı olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır.

Bununla bərabər, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır. Onlardan biri hazırda icra olunan və Avropanın ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” layihəsidir. Layihəyə yatırılan sərmayə 40 milyard dollara bərabərdir və o, ilk mərhələdə 7 ölkəni birləşdirərək, regionumuzun, Mərkəzi və Cənubi Avropanın bir çox ölkəsinin enerji şaxələndirilməsini və enerji təhlükəsizliyini təmin edəcək. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və enerji əməkdaşlığı layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat layihələrində iştirak edən ölkələr təbii tərəfdaşlara çevrilir və burada birgə qarşılıqlı bağlılıq yaranır. Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət üçün ən vacib amillərdəndir.

Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş nəqliyyat və enerji layihələri inkişaf və firavanlığın təmin edilməsi məqsədinə xidmət edir. Eyni zamanda, bu, bizim beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa olan sərmayəmizdir.

Bizim iqtisadi göstəricilərimiz də çox yüksək olmuşdur. Son 13 il ərzində ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5 faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır. Xarici borcumuz olduqca aşağı səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən, inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir ölkə ilə birinci və ikinci yerləri paylaşır.

Bütün bunlar müstəqillik illərində əldə etdiyimiz böyük bir sərvətdir. Biz təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib. Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyini yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq, sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər.

Burada da biz çox vacib olan məsuliyyət məsələsinə toxunuruq. Siyasətçilərin məsuliyyətini qeyd edirəm. Bəzən radikal kəsimin səslərini əldə etmək üçün siyasətçilər öz proqramlarını milliyyətçilik ideyası üzərində qururlar. Qeyri-hökumət təşkilatlarının məsuliyyəti. Onların bəziləri məqsədyönlü şəkildə dini və etnik zəmində gərginlik yaradır. Nəhayət, medianın məsuliyyəti. Beynəlxalq mediaya nəzər salsaq, əsasən miqrant böhranı, müharibə, dağıntı, toqquşma, dini və etnik münaqişə görürük.

Ancaq bir çox müsbət nümunələr də var və biz onları nümayiş etdirməliyik. Hesab edirəm ki, bu Forumun əhəmiyyəti və məqsədlərindən biri də onu nümayiş etdirməkdir ki, biz bu məsələləri müzakirə edir və səylərimizi səfərbərliyə alırıq. Əminəm ki, Forumun bütün iştirakçılarının burada eyni gündəliyi var – mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək.

Ümidvaram ki, Forumun nəticələri uğurlu olacaq və biz onun bütün qərarlarını həyata keçirəcəyik. Bizimlə bir yerdə olduğunuza görə bir daha sizə təşəkkür edir, Forumun işinə uğurlar diləyirəm. Sağ olun.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop