2017-05-16
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Almaniyadan olan məzunlarının toplantısı keçirilib

Cari ilin 16 may tarixində Azərbaycanın Almaniyadakı Səfirliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Almaniyadan olan məzunlarının toplantısı keçirilib. Tədbir alman məzunlardan ibarət dostluq cəmiyyətinin təşəbbüsü ilə baş tutub.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov qonaqları salamlayıb, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycanın iqtisadi, ictimai və təhsil həyatında yeri və rolu haqda danışıb. Ramin Həsənov Azərbaycanın müstəqillik illərində əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf konsepsiyasının sayəsində regionda aparıcı qüvvəyə çevrildiyini və hazırda müstəqil siyasət yürüdən dövlət olduğunu bildirib.

Səfir ölkəmizdə neft və qaz sektorunun keçdiyi inkişaf yolu, o cümlədən “Əsrin Müqaviləsi” barədə məlumat verməklə yanaşı, ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində əldə edilmiş nailiyyətlərdən danışıb. Azərbaycan-Almaniya münasibətlərinə toxunan Ramin Həsənov bu ilin iki yubiley tarixi ilə - iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlamətdar olduğunu qeyd edib.

Alman məzunların adından çıxış edən, keçmiş Almaniya Demokratik Respublikasının Dövlət Yanacaq Komitəsinin sədri Andreas Hikman o zamanlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan ali məktəbin məzunu olmuş almanların öz ölkələrində yüksək ixtisaslı kadrlar hesab olunduqlarını və mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Azərbaycanda qarşılaşdıqları yüksək səviyyəli təhsillə bərabər həm də qonaqpərvərlik və maraqlı sosial həyatdan məmnunluğunu ifadə edən Andreas Hikman ölkəmizdə təhsil almış almanların öz peşə fəaliyyətində qazandıqları nailiyyətlərə görə məhz Azərbaycana borclu olduqlarını vurğulayıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan soydaşımız Adil Bayramov vaxtilə çalışdığı universitetin elmi və ictimai həyatı, o cümlədən orada təhsil almış alman tələbələr barədə məlumat verib.  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq şöbəsinin müdiri Cəmilə İsmayılzadə çıxış edərək universitetin rektoru, prof. Mustafa Babanlının adından toplantı iştirakçılarını salamlayıb. O, universitetin beynəlxalq əlaqələri, müstəqillik illərində universitetdə təhsil alan xarici tələbələr, son dövrlərdə həyata keçirilən islahatlar barədə danışıb.

Toplantıda iştirak edən alman məzunlar Azərbaycanda təhsil aldıqları zaman əldə etdikləri təəssüratları bölüşüblər və ölkəmizlə bağlantıları barədə məlumat veriblər. Onlar Bakının bütün dövrlərdə müasir, qabaqcıl və multikultural mühitə malik olan şəhər olduğunu vurğulayıblar.

Daha sonra tədbir iştirakçılarına Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin alman məzunları ilə görüşünü əks etdirən video-çarx təqdim edilib.

Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetini və universitetdə təhsil alan almanların həyatını işıqlandıran mətbuat materialları və foto-şəkillərdən ibarət sərgi nümayiş olunub.

 

 

növbəti xəbər əvvəlki xəbər