2017-10-26
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov alman millət vəkili Andreas Ştatskovskinin təşkil etdiyi tədbirin qonağı olub

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov cari ilin 25 oktyabr tarixində Berlin landtaqının deputatı Andreas Ştatskovskinin seçki dairəsində yerləşən ofisində (“Bürgerbüro von Andreas Statzkowski”) keçirilmiş tədbirin qonağı olub.

Almaniyanın hakim Xristian-Demokratlar İttifaqı (CDU) partiyasının üzvü olan Andreas Ştatskovski Berlinin qabaqcıl iqtisadi və mədəni bölgəsi olan Şarlottenburq-Vilmersdorf rayonunda yerləşən Vestend seçki dairəsindən seçilmiş millət vəkilidir və o, özünün seçki dairəsi ofisində CDU-nun Şarlottenburq-Vilmersdorf rayon şöbəsinin üzvləri və Vestend seçki dairəsinin sakinləri üçün nəzərdə tutulmuş tədbirlər təşkil edir. Bu sıradan növbəti tədbir Azərbaycana həsr olunub və səfir Ramin Həsənov tədbirdə ölkəmizə dair mühazirə ilə çıxış edib. Tədbirə əlliyə yaxın iştirakçı qatılıb.

Tədbiri açan deputat Andreas Ştatskovski iştirakçıları salamlayıb. Alman millət vəkili çıxışında Azərbaycanı inkişaf edən Avropa ölkəsi adlandırıb.

Daha sonra tədbirdə SOCAR-ın 2014-cü ildə hazırladığı ölkəmizə dair qısametrajlı imic filmi nümayiş etdirilib.

Ardınca səfir Ramin Həsənov Azərbaycanın xarici və təhlükəsizlik siyasəti, eləcə də onun Almaniya və Avropa İttifaqı ilə əməkdaşlığına dair mühazirə ilə çıxış edib.

Səfir Azərbaycanın müstəqillik tarixinə toxunaraq, hazırki respublikanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi olduğunu qeyd edib. O, müsəlman Şərqində ilk demokratik dövlət olan ADR-in öz dövrünə görə mütərəqqi dövlətçilik qurduğunu, onun qadınlar üçün seçki hüququ, ölkədə yaşayan milli azlıqlara ölkə parlamentində təmsil olunmaq hüququnu tətbiq etdiyini diqqətə çatdırıb.

Ramin Həsənov 1991-ci ildən müstəqilliyini bərpa etmiş Azərbaycanın əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası sayəsində dünya, o cümlədən Avropa ölkələri, eləcə də dünyanın aparıcı enerji şirkətləri ilə uğurlu əməkdaşlıq qurduğunu və regional əməkdaşlığa böyük töhfə verdiyini qeyd edib. Bu əməkdaşlıq sayəsində ölkəmizin hazırda etibarlı tərəfdaş kimi qəbul edildiyini, xarici investorları və tərəfdaşları regiona cəlb etdiyini, bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini və hazırda Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni reallaşdırmaqda olduğunu bildirib.

Səfir Cənub Qaz Dəhlizinin regional inkişafa və əməkdaşlığa verdiyi töhfəni, eləcə də Avropanın enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyinin təminatında oynayacağı rolu qeyd edib. Ramin Həsənov TANAP və TAP layihələri üzrə işlərin xeyli hissəsinin başa çatdığını bildirib və infrastrukturun tam hazır olmasından sonra Azərbaycan qazı ilə bərabər Mərkəzi Asiya ölkələrinin qaz ehtiyatlarının Avropa bazarına çıxarılması üçün əlverişli şərait yaranacağını diqqətə çatdırıb. Cənub Qaz Dəhlizi vasitəsilə o cümlədən Almaniyanın Uniper enerji şirkətinin Azərbaycan qazını Avropa bazarına çıxaracağını bildirib.

Ramin Həsənov mürəkkəb geosiyasi məkanda yerləşən ölkəmizin müstəqil siyasət yürütdüyünü və Ermənistan istisna olmaqla bütün qonşuları ilə dostluq və əməkdaşlıq münasibətləri qurduğunu bildirib. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın tarixən müxtəlif dinlər və sivilizasiyaların qovuşduğu məkan olduğunu və bununla əlaqədar olaraq yaşı min illərlə ölçülən multikultural və dini tolerantlıq ənənələrinə sahib olduğunu qeyd edib. O, milli mədəniyyət və kimliyimizdə öz əksini tapan bu müxtəliflik və dözümlülüyün həm də Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət yürütməsi üçün əlverişli zəmin yaratdığını vurğulayıb, ölkəmizin müxtəlif geosiyasi məkanlarda yerləşən qurumlarla müvəffəqiyyətlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Azərbaycanın bütün qonşuları ilə konstruktiv əməkdaşlıq etdiyini qeyd edən səfir yalnız onun ərazisinə hərbi təcavüz etmiş və torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla münasibətlərin gərgin olduğunu bildirib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyişin olmadığını diqqətə çatdırıb. 

Səfir münaqişənin həlli imkanlarına toxunan səfir bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu və Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini bildirib. Dağlıq Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqla mümkün olmadığını və Azərbaycanın da bunu heç bir vaxt qəbul etməyəcəyini vurğulayıb.

Azərbaycan-Almaniya münasibətləri haqda danışan Ramin Həsənov təxminən 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının Azərbaycanda məskunlaşdığını bildirib. O, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama müvafiq olaraq tədbirlər planının hazırlandığını, həm Azərbaycan, həm də Almaniyada bir sıra tədbirlərin keçirildiyini və keçirilməkdə olduğunu diqqətə çatdırıb. Azərbaycanda mövcud olan alman irsinin dövlət səviyyəsində qorunduğunu və təşviq olunduğunu, bu irsin və xalqlarımız arasındakı tarixi bağların bugünkü münasibətlər üçün möhkəm baza yaratdığını bildirib.

Səfir iki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun olduğunu, dövlət başçımız cənab İlham Əliyevin Almaniyaya səfərlər etdiyini diqqətə çatdırıb. O, Azərbaycan-Almaniya iqtisadi münasibətlərinə dair faktları sadalayıb və iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün böyük potensial olduğunu qeyd edib.

Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, biznes mühitinin təkmilləşdirilməsi üçün göstərilən səyləri qeyd edən səfir ölkəmizdə xarici sərmayəçilər üçün cəlbedici investisiya mühitinin yaradıldığını bildirib. Ölkəmizin enerji sahəsilə yanaşı nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsində regional layihələr həyata keçirməkdə olduğunu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm işlər gördüyünü, Tarixi İpək Yolunun bərpası üzrə həyata keçirilən layihələrə dəstək verdiyini vurğulayıb. O, Azərbaycanda sənaye ilə yanaşı, turizm, kənd təsərrüfatı, səhiyyə kimi sahələrin inkişafının dövlət üçün prioritet məsələlərə aid olduğunu qeyd edib. Bütün bunların xarici, o cümlədən alman şirkətlərinin ölkəmizlə əməkdaşlığı üçün yeni imkanlar açdığını bildirib. 

Ramin Həsənov Almaniya ilə təhsil sahəsində də intensiv əməkdaşlığın mövcud olduğunu, alman ali məktəblərində çoxlu sayda Azərbaycan gəncinin təhsil aldığını, alman dilinin ölkəmizdə həm orta, həm ali təhsil ocaqlarında tədris olunduğunu, Azərbaycanda Qöte Mərkəzinin açılmasının iki ölkə arasındakı münasibətlərin gələcəyinə qoyulan yaxşı investisiya olduğunu vurğulayıb.

Daha sonra səfir tədbir iştirakçılarının Azərbaycanın Rusiya, İran, Türkiyə ilə münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində kənar faktorların rolu, Azərbaycanda cender məsələləri və qadın hüquqları, ölkəmizin turizm imkanları barədə verdikləri sualları cavablandırıb.

 

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop