2017-10-31
Azərbaycan Respublikasının səfiri Ramin Həsənov Andreas Ştatskovskinin qonağı oldu

Berlin landtaqının deputatı Andreas Ştatskovskinin internet saytında deputatın seçki dairəsi ofisində 25.10.2017-ci ildə Azərbaycan haqda keçirilmiş tədbir barədə məqalə dərc edilib (http://www.andreas-statzkowski.de/lokal_1_1_73_Aus-Liebe-zum-Fussball-Deutsch-studiert.html) .

Azərbaycan Respublikasının səfiri Ramin Həsənov Andreas Ştatskovskinin qonağı oldu” başlıqlı məqalədə qeyd olunur ki, təxminən 50 nəfərin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun “Şərq və Qərb, Asiya və Avropanın kəsişməsində yerləşən və valehedici ölkə olan” Azərbaycan haqda mühazirəsi dinlənilib.

Bildirilir ki, Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyini qeyd edən səfir 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında danışıb.

Xəbər verilir ki, səfir çıxışında Azərbaycan-Almaniya münasibətlərinin 200 illik tarixinə toxunub, tarixən Azərbaycanda məskən salmış alman şvabların ölkədə yaxşı inteqrasiya etdiklərini və ADR parlamentində öz deputatları ilə təmsil olunduqlarını bildirib.

Qeyd edilir ki, ADR həm də başqa cəhətlərinə görə mütərəqqi dövlət olub. Azərbaycanda hələ 1918-ci ildə qadınlar üçün seçki hüququ tətbiq edilib və bugün də qadınlar ölkədə kişilərlə eyni hüquqları bölüşürlər və eyni şərtlərdə çalışırlar. Məlumat verilir ki, Azərbaycan parlamentindəki deputatların 27%-ini, təhsil sistemi işçilərinin 90%-ini, səhiyyə sistemi əməkdaşlarının isə 90%-dən artığını qadınlar təşkil edir.

Məqalədə Azərbaycanın 2000-ci illərin əvvəllərindən etibarən sürətlə inkişaf etdiyi, Avropa İttifaqı, Avropa Şurası və digər Avropa qurumlarının mühüm tərəfdaşına çevrildiyi bildirilir. Azərbaycan-Almaniya əməkdaşlığında neft və qaz sahəsinin xüsusi çəkisinin olduğu vurğulanır və qeyd edilir ki, səfir Ramin Həsənov çıxışında Cənub Qaz layihəsi barədə ətraflı məlumat verib, həmçinin Azərbaycanın enerji sektorundan əldə etdiyi gəlirlərini iqtisadiyyatın digər sahələrinə yatırdığını, nəqliyyat, informasiya texnologiyaları və kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet sahələri olduğunu vurğulayıb.

Məqalədə göstərilir ki, səfir bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini, Azərbaycanda hazırda 170 alman şirkətinin fəaliyyət göstərdiyini, alman dilinin Azərbaycanda populyar olduğunu, bu il Azərbaycanda Goethe İnstitutunun açıldığını, Azərbaycanda həmçinin futbol azarkeşləri arasında alman futbol komandalarına böyük marağın olduğunu qeyd edib. Səfir həmçinin ölkənin turizm imkanları və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Qeyd olunur ki, “1988-ci ildən Ermənistan və Azərbaycan arasında özünü müstəqil elan edən, amma beynəlxalq hüquqla Azərbaycana məxsus olan Dağlıq Qarabağ arasında münaqişə mövcuddur. Azərbaycan səfiri çıxışında Ermənistan və Azərbaycan arasında gedən müharibəni Avropanın təhlükəsizliyi üçün maneə adlandırıb və dünya ictimaiyyətinin bu tip münaqişələrdə qətiyyət göstərməli olduğunu deyib. Həsənov beynəlxalq hüququn hamı üçün eyni olmalı olduğunu vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop