2017-11-21
Berlində Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilib

Cari ilin 21 noyabr tarixində Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycan Respublikasının YUNESKO Üzrə Milli Komissiyasının Katibliyinin dəstəyi ilə ərsəyə gəlmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, prof. İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq Azərbaycan və Almaniyada bir sıra tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin bu işdə Berlin Humboldt Universitetində yerləşən “Azərbaycan Tarixi” kafedrasının fəal iştirakını vurğulayıb. Təqdim olunan kitabın ərsəyə gəlməsi və onun Berlində təqdim edilməsinin Azərbaycan tərəfinin sözügedən yubileylə əlaqədar fəaliyyət proqramının tərkib hissəsi olduğunu deyən Ramin Həsənov o cümlədən cari ilin 23-24 noyabr tarixlərində Parisdə YUNESKO-nun mənzil-qərargahında yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə səciyyələndiyini bildirib və bu yubiley münasibətilə Səfirliyimizin təşkil etdiyi tədbirlər barədə məlumat verib.

Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir Haydrun Tempel çıxış edərək Azərbaycanda alman irsinin qorunub-saxlanması üçün görülən işləri vurğulayıb və bunun iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. Alman diplomat Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycanda alman məskənləri barədə kitabın dərc edilməsini xalqlarımız arasındakı tarixi bağların ictimaiyyətə çatdırılması baxımından təqdirəlayiq hadisə adlandırıb. Haydrun Tempel həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlığın mövcud olduğunu, 2017-ci ildə Bakıda nüfuzlu Qöte İnstitutunun nümayəndəliyinin açılması üçün mühüm addımlar atıldığını qeyd edib. 

Azərbaycan Respublikasının YUNESKO Üzrə Milli Komissiyasının Baş Katibi, səfir Elnur Sultanov ölkəmizin YUNESKO ilə uğurlu əməkdaşlığından, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyün işlərdən, bu istiqamətdə həyata keçirilən Bakı Prosesinin əhəmiyyətindən danışıb. Elnur Sultanov “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” kitabı haqda məlumat verərək, orada Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasının ölkəmizdə hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olaraq araşdırıldığını və kitabın mədəniyyətlərarası dialoqun əsaslarının öyrənilməsi üçün yaxşı mənbə olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənovun və Azərbaycan Respublikasının YUNESKO Üzrə Milli Komissiyasının Baş Katibi Elnur Sultanovun adından ziyafət verilib.

Tədbirdə Almaniya Bundestaqının nümayəndələri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri,  Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV-lərinin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

 

növbəti xəbər əvvəlki xəbər