2018-02-27
Almaniyada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş növbəti tədbir keçirilib

 

Almaniyada Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlər keçirilməkdə davam etməkdədir. Belə tədbirlərdən biri də 24 fevral 2018-ci il tarixində Berlin şəhərində “Atatürkçü Düşüncə Dərnəyi”nin, ”Azərbaycan Elm işçiləri və Tələbələr Birliyi”nin, “Azərbaycan Evi”nin və “Türkiyə-Azərbaycan Birliyi”nin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri giriş sözü ilə Səfir Ramin Həsənov açaraq, Azərbaycan Respublikasının torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə və işğalın ağır nəticələrinə toxunub, həmçinin ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını bildirib. O, erməni vəhşiliyi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən atılan addımları qeyd edib, həmçinin fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını və onun nəticələrini xüsusi ilə vurğulayıb. Səfir Ramin Həsənov baş vermiş faciənin unundulmamasında və onun dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan və türk diasporunun üzərinə müəyyən işin düşdüyünü bildirib və diaspor nümayəndələrini bundan sonra da fəal olmağa çağırıb.

Türkiyə Respublikasının Berlin şəhərindəki baş konsulu Muhammet Mustafa Çelik Azərbaycanın torpaqlarının işğal edilməsinin və oradakı əhalının öz yurd-yuvalarından zorla qovulmasının çox üzücü bir hal olduğunu deyib və dünyanın bir çox ölkələrinin və media qurumlarının bu acı həqiqətin üzərindən sükutla keçməsinin təəssüf doğurduğunu qeyd edib. O, baş vermiş işğal faktının dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə  türk və azərbaycanlı diaspor cəmiyyətlərinin və fəallarının birgə çalışması zərurətini iştirakçıların diqqətinə çatdırıb.

”Azərbaycan Elm işçiləri və Tələbələr Birliyi”nin sədri Qurban Ələkbərov Xocalı soyqırımı ilə bağlı özünün xatirələrini bölüşüb və diaspor tərəfindən həyata keçirilən fəaliyyətdən bəhs edib.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayevin, Bundestaqın keçmiş deputatı, hal-hazırda “Türkiyə-Azərbaycan Birliyi”nin sədri Haqqı Kəskinin və türkiyəli tarixçi-alim Kemal Arının iştirakı ilə interaktiv müzakirələr keçirilib. Müzakirə iştirakçıları Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Xocalı soyqırımının baş verməsi səbəblərinə dair fikir mübadiləsi aparıblar.

Tədbirdə Xocalı soyqırımına dair qısametrajlı film nümayiş etdirilib.

Anım tədbrində Azərbaycan və türk diasporunun nümayəndələri, Almaniyada təhsil alan tələbələr və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər