2018-05-14
Almaniyanın Nürnberq şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinə dair tədbir keçirilmişdir

11 may 2018-ci ildə Azərbaycanın AFR-dəki Səfirliyinin iştirakı və Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin təşkilatçılığı ilə Nürnberq şəhərində Bavariya əyalətinin Daxili, Maliyyə və İnkişaf Nazirliyinin binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanda alman məskənlərinin salınmasının 200 iliyinə həsr edilmiş "Azərbaycan və Almaniya arasında körpü” adlı tədbir keçirilmişdir.

Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin idarə heyətinin sədri  Dr. Yaşar Musayev və "Haus der Heimat" təşkilatının icraçı direktoru Doris Hutter tədbirdə çıxış edərək bütün qonaqları salamlamışlar. Daha sonra tədbirdə Azərbaycan Respublikasının və Almaniyanın dövlət himnləri səsləndirilmiş və fəxri qonaqlara söz verilmişdir.

Tədbirdə salamlama nitqi ilə çıxış edən səfir Ramin Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq təntənəli şəkildə qeyd edildiyini bildirmiş, AXC-nin Azərbaycan xalqının tarixində mühüm rol oynadığını vurğulamış, müsəlman şərqində ilk demokratik cümhuriyyətin qurulmasının o zamankı dövr üçün mühüm nailiyyət olduğunu və Azərbaycan xalqının dövlətçilik tarixində böyük izlər buraxdığını təbrik iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir Ramin Həsənov öz çıxışı çərçivəsində, həmçinin, Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd edildiyini vurğulamış, alman məskənlərinin və tarixi abidələrinin xüsusi qayğı ilə qorunub saxlanıldığını, Azərbaycan Respublikası Prezidentinin bu tarixlə əlaqədar xüsusi sərəncam imzaladığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirin fəxri qonaqları qismində Bavariya əyalətinin Daxili, Maliyyə və İnkişaf Nazirliyinin baş idarə rəisi Dr. Aleksandr Voytl, Almaniya Bundestaqının Sosial Demokratlar Partiyasının üzvü Qabriela Haynrix, Almaniya Hökumətinin Köçkünlər və Milli Azlıqlar üzrə xüsusi nümayəndəsi və Köçkünlər İttifaqının prezidenti Dr. Bernd Fabritsius, Bavariya Parlamentinin üzvləri Petra Guttenberger və Arif Taşdelen, Türkiyə Respublikasının Almaniyanın Frankoniya bölgəsindəki baş konsulu Yavuz Kül, Xristian Sosial Fraksiyasının rəhbəri Piter Daniel Forster, Nürnberq şəhərinin baş merinin 1-ci müavini Klaudia Arabackyj və digər rəsmilər iştirak etmişlər. Tədbirdə çıxış edən B.Fabritsius AFR federal kansleri Angela Merkelin, A. Voytl isə Bavariya federal əyalətinin baş naziri Markus Söderin salamlarını tədbir iştirakçılarına çatdırmışdır.

Daha sonra tədbirdə məruzə ilə çıxış edən Şərqi Avropa üzrə Alman Mədəniyyət Forumu İnstitutunun elmi işçisi Ariane Afsari, Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Prof. Dr. Eva-Maria Aux almanların Azərbaycana köç etməsinin 200 illik tarixi,  Yaşar Musayev isə Azərbaycan Xalq Cümhuriyyəti, habelə müasir Azərbaycan Respublikası haqqında danışmışlar. "Haus der Heimat" təşkilatının idarə heyətinin sədri Horst Göbbel Azərbaycan və Almaniya, eləcə də Bakı ilə Nürnberq arasında mövcud olan dostluq əlaqələri haqqında ətraflı məlumat vermişdir.

Tədbir çərçivəsində Nazirliyin binasında təşkil edilmiş və almanların Cənubi Qafqaz regionuna köçünün 200 illiyi mövzusuna həsr olunmuş “Sərhədsizləşmə": Almanlar Vürttemberqlə Qafqaz arasında vətən axtarışında” adlı sərgi iştirakçıların xüsusi marağına səbəb olmuşdur. Sərgi 11 maydan 25 maya qədər davam edəcəkdir. Tədbirin sonunda Azərbaycan milli rəqsi və Azərbaycan musiqiləri canlı ifa olunmuşdur. Hər iki xalqın dostluğunun rəmzi olaraq alman və Azərbaycan milli mətbəx nümunələri tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirdə Bavaria əyalətinin ictimai-siyasi dairələrinin və yerli KİV-lərin nümayəndələri, Azərbaycan Diasporasının üzvləri iştirak etmişdirlər.

 

növbəti xəbər əvvəlki xəbər