2018-12-11
Azərbaycan Respublikasının Almaniya Federativ  Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib

11 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Almaniya Federativ  Respublikasındakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Tədbirdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, və səfirliyin əməkdaşları iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir iştirakçıları tərəfindən ümummilli liderin büstü önünə gül çələngi qoyulub.

Azərbaycan Respublikasının Almaniya Federativ  Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə çıxış edərək, Sovetlər dövründə və müstəqilliyimizi bərpa etdikdən sonra müasir Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və inkişafında ulu öndərin əvəzsiz xidmətləri barədə məlumat verib. Səfir, 1993-cü ildə xalqın arzusu və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin Azərbaycanı məhv olmaq təhlükəsi və parçalanmaqdan xilas etdiyini, yeni yaranmış dövlətin gələcək üçün siyasi-iqtisadi inkişaf strategiyasını müəyyənləşdirdiyini qeyd edib.

Ümummilli liderin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində “Əsrin Müqaviləsi”nin imzalandığı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng transmilli layihələrin təməlinin qoyulduğu xatırladılıb və onun əsasını qoyduğu daxili və xarici siyasətin, eləcə də strateji kursun hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Səfir, bu siyasətin nəticəsində Azərbaycanın davamlı və dinamik inkişaf edən ölkəyə çevrildiyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazandığını nəzərə çatdırıb. Dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, dayanıqlı inkişafa mane olan regional, dini və etnik münaqişələr fonunda torpaqlarımızın Ermənistan tərəfindən işğalına və işğalın nəticələrinə toxunub. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın stabil və davamlı tərəqqi yolunu davam etdirdiyini, ölkəmizin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrildiyini vurğulayıb.

Tədbirdə Almaniyada yaşayan azərbaycanlı tələbə Nigar İbrahimova çıxış edərək ümummilli lider ilə bağlı xatirələrini bölüşüb, sonra isə ulu öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib. 

növbəti xəbər əvvəlki xəbər