2019-04-04
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şlezviq-Holşteyn federal torpağında işgüzar səfərdə olub

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 3 aprel tarixində Şlezviq-Holşteyn federal torpağına işgüzar səfər edib.

Səfər çərçivəsində səfir federal torpağın paytaxtı Kil şəhərində Şlezviq-Holşteynin baş naziri Daniel Qünter, Kil şəhər parlamentinin prezidenti Hans-Verner Tovar və Şlezviq-Holşteyn sənaye və ticarət palataları cəmiyyətinin rəhbəri Verner Koopmanla görüşlər keçirib.

Səfir Ramin Həsənov və baş nazir Daniel Qünter Azərbaycanın xarici siyasəti, ölkəmizin Almaniya və Avropa İttifaqı ilə müxtəlif sahələrdə fəal əməkdaşlığı, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika barədə fikir mübadiləsi aparıblar. Ramin Həsənov Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, eləcə də Almaniyanın mühüm tərəfdaşı olması, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, nəhəng regional layihələr həyata keçirməsi,    Ermənistan istisna olmaqla bütün qonşuları ilə konstruktiv əməkdaşlıq etməsi barədə məlumat verib.

Azərbaycanda hökm sürən multikultural dəyərlər və dini tolerantlıq barədə danışan səfir ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun dərinləşməsi üçün göstərdiyi səyləri vurğulayıb. Ramin Həsənov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, işğalın nəticələri, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, göstərilən faktların beynəlxalq sənədlərdə öz əksini tapması, eləcə də sülh prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Görüşdə Azərbaycan və Şlezviq-Holşteyn federal torpağı arasında əməkdaşlıq imkanları, iqtisadiyyat, təhsil, mədəniyyət, idman sahələrində, eləcə də Azərbaycan və federal torpağın şəhərləri arasında mövcud və potensial əlaqələrə dair müzakirələr aparılıb. 

Kil Şəhər Bələdiyyəsində keçirilmiş növbəti görüşdə şəhər parlamentinin prezidenti Hans-Verner Tovar Azərbaycan səfirini salamlayıb, federal torpağın paytaxtının özəllikləri və beynəlxalq əlaqələri barədə məlumat verib. Səfir Ramin Həsənov xalqlarımız arasındakı münasibətlərin tarixi, Azərbaycanda alman məskənlərinin salınmasının 200 illik yubileyinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə dövlət səviyyəsində qeyd edilməsi, Azərbaycan və Almaniya arasında mövcud olan şəhər tərəfdaşlıqları barədə məlumat verib və ölkəmizin Kil şəhəri ilə də münasibətlərin dərinləşməsində maraqlı olduğunu qeyd edib.

Kil Sənaye və Ticarət Palatasında Verner Koopmanla keçirilmiş görüşdə isə Azərbaycanın iqtisadi nailiyyətləri və Almaniya ilə iqtisadi sahədə əməkdaşlıq məsələləri, ölkəmizin qeyri-neft sektorunda mövcud olan resurslar, əlverişli biznes və investisiya mühiti, Azərbaycanın enerji və nəqliyyat sahəsində reallaşdırdığı nəhəng layihələr və bütün bunların Şlezviq-Holşteyn federal torpağının şirkətləri üçün yaratdığı imkanlar barədə geniş fikir mübadiləsi aparılıb.

Səfir Ramin Həsənov Şlezviq-Holşteyn Dövlət Administrasiyası, Kil şəhər bələdiyyəsi və Kil Sənaye və Ticarət Palatasının xatirə kitablarına ürək sözlərini qeyd edib. O, həmçinin Azərbaycanın Şlezviq-Holşteyn regionu ilə münasibətlərin dərinləşməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda federal torpağın təmsilçilərini Azərbaycana səfər etməyə dəvət edib. 

növbəti xəbər əvvəlki xəbər