2019-04-11
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Saksoniya-Anhalt federal torpağına işgüzar səfər edib

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov 10 aprel tarixində Saksoniya-Anhalt federal torpağına işgüzar səfər edib.

Səfər çərçivəsində səfir federal torpağın paytaxtı Maqdeburq şəhərində Saksoniya-Anhaltın baş naziri Rayner Hazelof, Landtaqın prezidenti Qabriele Brakebuş  və Maqdeburq şəhərinin baş meri Luts Trümperlə görüşlər keçirib.

Səfir Ramin Həsənov və Saksoniya-Anhalt federal torpağının rəsmiləri Azərbaycanın xarici siyasəti, ölkəmizin Almaniya və Avropa İttifaqı ilə müxtəlif sahələrdə fəal əməkdaşlığı, Almaniyanın federal kansleri Anqela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yaratdığı yeni dinamika barədə fikir mübadiləsi aparıblar. Ramin Həsənov Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, eləcə də Almaniyanın mühüm tərəfdaşı olması, regionda beynəlxalq əməkdaşlığın əsasını qoyması, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi, nəhəng regional layihələr həyata keçirməsi, Ermənistan istisna olmaqla bütün qonşuları ilə konstruktiv əməkdaşlıq etməsi barədə məlumat verib.

Ramin Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi, işğalın nəticələri, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, göstərilən faktların beynəlxalq sənədlərdə öz əksini tapması, eləcə də sülh prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Görüşlərdə Azərbaycanda dünyəvi və demokratik dövlətçilik ənənələri, multikulturalizm və dini tolerantlıq mühiti barədə fikir mübadiləsi aparılıb. Səfir ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun dərinləşməsi üçün göstərdiyi səyləri vurğulayıb, həmsöhbətlərini bu sahədə həyata keçirilən mötəbər Bakı Prosesi barədə məlumatlandırıb. Eləcə də Azərbaycan və Almaniyada gender bərabərliyi, qadınların hüquqları, onların cəmiyyətdə rolu barədə fikir mübadiləsi aparılıb.

Ramin Həsənov eyni zamanda almanların 19-cu əsrdə Azərbaycanda məskunlaşmalarını və sülh və əmin-amanlıq şəraitində yaşayıb-fəaliyyət göstərmələrini, bu tarixin Azərbaycan-Almaniya münasibətlərində müsbət səhifə olmasını, ölkəmizdə alman məskənlərinin salınmasının 200 illik yubileyinin Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə qeyd edilməsini, Azərbaycanda alman irsinə böyük diqqət və qayğının mövcud olmasını diqqətə çatdırıb.

Görüşlərdə həmçinin Azərbaycan və Saksoniya-Anhalt federal torpağı arasında əməkdaşlıq imkanları, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrində, eləcə də Azərbaycan və federal torpağın şəhərləri arasında mövcud və potensial əlaqələrə dair müzakirələr aparılıb. Azərbaycanda və Saksoniya-Anhalt bölgəsində dünya mədəniyyət irsi hesab olunan abidələrin olduğu qeyd edilərək, tarixi və mədəni abidələrin qorunması üzrə Azərbaycan və Almaniyanın xüsusilə YUNESKO çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib.

Səfir Saksoniya-Anhalt federal torpağının rəsmilərini ölkəmizlə daha yaxından tanış olmaq və əməkdaşlıq imkanlarına dair müzakirələri davam etdirmək üçün Azərbaycana səfər etməyə dəvət edib. O, həmçinin Saksoniya Dövlət Administrasiyası və Landtaqının xatirə kitabları və Maqdeburq şəhər bələdiyyəsinin Qızıl Kitabına ürək sözlərini qeyd edib.

Səfər çərçivəsində səfirin Maqdeburq və ətraf bölgələrdə təhsil alan azərbaycanlı tələbələrlə də görüşü keçirilib. 

əvvəlki xəbər