2019-05-16
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Bundestaqın Cənubi Qafqaz parlament qrupu ilə görüşüb

16 may 2019-cu ildə Bundestaqın nəzdindəki Alman Parlament Cəmiyyətində Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Almaniya Bundestaqının Cənubi Qafqaz parlament qrupunun sədri və üzvləri ilə görüş keçirib.

Əvvəlcə qrupun sədri, Bundestaqın deputatı Yohannes Kars rəhbərlik etdiyi qrupun fəaliyyəti barədə məlumat verib, o cümlədən 21-24 may tarixlərində Azərbaycana planlaşdırılmış səfərə toxunub.

Səfir Ramin Həsənov alman deputatları Azərbaycanın Almaniya ilə münasibətlərində, xüsusilə parlamentlərarası əməkdaşlıq sahəsində yeniliklər barədə məlumatlandırıb. O, Azərbaycanın Cənubi Qafqaz parlament qrupunun qarşıdan gələn səfərinə böyük maraqla yanaşdığını qeyd edib.

Daha sonra görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki cari vəziyyət və münaqişənin həlli ilə bağlı sülh prosesinin gedişatına dair alman deputatlarının suallarını cavablandırıb.

növbəti xəbər əvvəlki xəbər