2019-05-23
Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb

Mayın 23-də ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupu Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Azərbaycanın Almaniya ilə münasibətlərə böyük önəm verdiyini və ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, belə səfərlərin sayının artırılması vacibdir.

Qonaqlara ölkəmizin əldə etdiyi uğurlar, reallaşdırdığı layihələr, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verilib.

Almaniya Bundestaqının Sosial Demokratlar Partiyası fraksiyasının deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Azərbaycanda 20 il əvvəl olduğunu və ötən dövrdə ölkəmizin çox inkişaf etdiyini, gözəlləşdiyini bildirib. Qonaq ölkəmizə Gürcüstan sərhədindən avtomobillə gəldiklərini, buna görə də təkcə Bakıdakı deyil, regionlardakı inkişafın da şahidi olduqlarını qeyd edib. Bildirilib ki, Azərbaycan regionda mühüm rola malikdir və Almaniya üçün çox vacib tərəfdaşdır.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Əli Hüseynli, Tahir Mirkişili, Sevinc Hüseynova, Asim Mollazadə, hər iki ölkənin səfirləri Ramin Həsənov və Mixael Kindsqrab iştirak ediblər.

https://azertag.az/xeber/Regionda_muhum_rola_malik_Azerbaycan_Almaniya_uchun_chox_vacib_terefdasdir-1286409 

növbəti xəbər əvvəlki xəbər