2019-06-20
Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin iclası keçirilib

18 iyun 2019-cu il tarixində Berlin şəhərində Almaniya-Azərbaycan Forumunun (DAF) idarə heyətinin və üzvlərinin növbəti illik toplantıları keçirilib.

Toplantı çərçivəsində ölkəmizin Almaniyadakı Səfiri Ramin Həsənov çıxış edərək, ölkəmizdəki siyasi-iqtisadi vəziyyət, həyata keçirilən islahatlar (iqtisadi, sosial, vergi, məhkəmə və s.) və regiondakı son inkişaflar barədə məlumat verib. Səfir Almaniya-Azərbaycan münasibətlərinin hazırkı durumundan və gələcək perspektivlərindən, o cümlədən iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıqdan bəhs edib, Almaniya və Azərbaycan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərindən, ölkəmizin həyata keçirdiyi trans-regional təşəbbüslərdən və beynəlxalq nəqliyyat dəhlizlərində iştirakından, Azərbaycanda alman sərmayədarları və turistləri üçün mövcud olan biznes və turizm imkanlarından, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, fəsadları, onun regional əməkdaşlığa və ümumilikdə regionun inkişafına maneələrindən danışıb. Bu xüsusda, o, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə münasibətlərin dərinləşməsinə DAF-ın verdiyi töhfəni vurğulayıb.

Almaniya-Azərbaycan Forumunun sədri Hans-Eberhard Şleyer çıxış edərək Səfirliyin təşkilatçılığı və rəhbərlik etdiyi təsisatın iştirakı ilə son bir ildə həyata keçirilmiş tədbirləri qeyd edib, eləcə də gələcək layihələr, o cümlədən DAF-ın İdarə Heyətinin cari ilin sentyabr ayına nəzərdə tutulmuş Azərbaycana səfəri, Səfirliklə əməkdaşlıq çərçivəsində enerji əməkdaşlığı, “Yeni İpək Yolu”, ərazi münaqişələri mövzusunda elmi konfranslar və Xocalı soyqırımı ilə əlaqədar keçirilən ənənəvi simpozium barədə məlumat verib və ikitərəfli münasibətlərin daha da gücləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirib. O, həmçinin, Almaniyanın “dual” peşə təhsili modeli əsasında ölkəmizdə ixtisaslı kadrların yetişdirilməsinə dair fikirlərini bölüşüb.

Sonra İdarə Heyətinin üzvləri çıxışlar ediblər.

DAF-ın İdarə Heyətinin sədrinin və xəzinədarın hesabatları dinlənilib. İclas zamanı forumun gələcək fəaliyyəti müzakirə olunub, DAF-ın qəyyumlar şurasının növbəti toplantısının cari ilin avqust/sentyabr ayında keçirilməsi razılaşdırılıb.

növbəti xəbər əvvəlki xəbər