2020-01-17
Azərbaycan məhsulları Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində təqdim olunub

Yanvarın 17-də Almaniyanın paytaxtı Berlində 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisinin açılışı olub.

Miqyasına görə dünyanın ən iri kənd təsərrüfatı sərgilərindən biri sayılan bu tədbir tanınmış “Messe” zalında keçirilib. Sərgi ilk dəfə 94 il bundan əvvəl, 1926-cı ildə təşkil olunub. Azərbaycan bu sərgidə artıq 12-ci dəfədir təmsil olunur.

Azərbaycan şirkətləri sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iştirak edib.

Sərginin Azərbaycan üçün ayrılmış hissəsi 98 kvadratmetrdir. Burada 11 iştirakçı şirkət tərəfindən ziyarətçilərə 180 növdən artıq məhsul təqdim olunub.

Bu il “Beynəlxalq Yaşıl Həftə” sərgisində dünyanın 70 ölkəsindən ümumilikdə 1500 şirkət iştirak edib.

Azərbaycan stendinin açılışında Almaniyada səfərdə olan Kənd Təsərrüfatı naziri İnam Kərimov, səfir Ramin Həsənov iştirak ediblər. Onlar Azərbaycan şirkətlərinin məhsulları ilə tanış olub, bir sıra görüşlər keçiriblər.

Mənbə: https://azertag.az/xeber/1390080 

növbəti xəbər əvvəlki xəbər