2020-02-12
Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr keçirilib

11 fevral 2020-ci ildə Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov və AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili, səfir Mixael Zibert arasında keçirilən görüşdə ikitərəfli münasibətlərə, eləcə beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair müxtəlif məsələlər müzakirə edilib.

Almaniyaya səfər çərçivəsində X.Xələfov eyni zamanda AFR-in Federal prezidentinin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşaviri Tomas Baqqer və AFR-in Federal kanslerin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kristina Baynhofla görüşlər keçirib.

X.Xələfov Almaniyanın Azərbaycanın mühüm tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini bildirib, dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğumuzu ifadə edib.

Alman tərəfi Azərbaycanın regionda əhəmiyyətini vurğulayıb, Azərbaycanı Almaniyanın regionda əsas iqtisadi tərəfdaşı adlandırıb. Ölkəmizin həyata keçirdiyi regional layihələrin icrasına dair məlumatlar qarşı tərəfdən maraqla qarşılanıb.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vəziyyəti dəyərləndiriblər və Almaniyanın sülh prosesinə mümkün töhfələrini müzakirə ediblər.

Azərbaycanın Almaniyada fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov məsləhətləşmələrdə iştirak edib.

növbəti xəbər əvvəlki xəbər