2020-03-05
Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçir

Azərbaycanlı sahibkar və menecerlər Almaniyada növbəti ixtisasartırma kursu keçməyə başlayıblar. Kurslar Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 18 sahibkar və menecer “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatası Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak edir, ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər keçirirlər.

Kurs iştirakçıları əsasən turizm, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və satışı, logistika, mebel istehsalı, tikinti sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərdən ibarətdir.

Ümumilikdə indiyədək proqram çərçivəsində 440 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

 

növbəti xəbər əvvəlki xəbər