2017-09-07
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “Business & Diplomacy” jurnalının “Səfirlə söhbət” tədbirinin qonağı olub

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov cari ilin 5 sentyabr tarixində “Business & Diplomacy jurnalının “Səfirlə söhbət” (“Botschafter-Gespärch”) silsiləsindən növbəti tədbirinin qonağı olub. 

            Əvvəlcə Business & Diplomacy jurnalının naşiri Frank Şüttiq, eləcə də tədbirə ev sahibliyi edən “Pestana Hotel” və tədbirin sponsoru “Jaguar Land Rover” şirkətinin nümayəndələri “Səfirlə söhbət” layihəsi çərçivəsində sayca beşinci olan tədbirin iştirakçılarını salamlayıblar. Çıxış edən şəxslər bildiriblər ki, sözügedən tədbirə çoxsaylı iştirakçıların qatılması Azərbaycana olan böyük ictimai marağın göstəricisidir.

Bundan sonra Səfir Ramin Həsənov geniş auditoriya qarşısında əvvəlcə Frank Şüttiq və jurnalın baş redaktoru Rayner Şubertin, daha sonra isə tədbir iştirakçılarının Azərbaycana aid müxtəlif mövzulara dair suallarını cavablandırıb.

Səfir Şərqlə Qərbin qovuşmasında yerləşən Azərbaycanın müxtəlif mədəniyyətlərin və dinlərin tarixən birgə yaşadığı, hal-hazırda isə özünün multikulturalizm və tolerantlıq ənənələri ilə bütün dünyaya örnək olan, eləcə də bu dəyərləri bütün dünyada təşviq edən ölkə olduğunu bildirib. O, Azərbaycandakı multikulturallığı və dini tolerantlığı səciyyələndirən faktları və ölkəmizin sivilizasiyalar və dinlərarası dialoqun təşviqi üçün keçirdiyi çoxsaylı beynəlxalq tədbirləri qeyd edib. R.Həsənov Avropa və Asiya arasında körpü olan ölkəmizin həm özünün tarixi köklərinə, milli-mədəni dəyərlərinə, həm də dünyəvi konstitusiya quruluşuna sadiq olduğunu vurğulayıb.

R.Həsənov Azərbaycanın çətin geosiyasi məkanda tam müstəqil və balanslaşdırılmış xarici siyasət yürütdüyünü, bütün qonşuları ilə dost və mehriban qonşuluq münasibətləri saxlamağa çalışdığını qeyd edib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyası sayəsində xarici investorları və tərəfdaşları regiona cəlb etdiyini, bir sıra transregional layihələri müvəffəqiyyətlə həyata keçirdiyini və hazırda Cənub Qaz Dəhlizi kimi nəhəng layihəni reallaşdırmaqda olduğunu bildirib.

O, Cənub Qaz Dəhlizinin regional inkişafa və əməkdaşlığa verdiyi töhfəni, eləcə də Avropanın enerji təchizatının diversifikasiyası və enerji təhlükəsizliyinin təminatında oynayacağı rolu qeyd edib. TANAP və TAP layihələri üzrə işlərin xeyli hissəsinin başa çatdığını və infrastrukturun tam hazır olmasından sonra Azərbaycan qazı ilə bərabər Mərkəzi Asiya ölkələrinin qaz ehtiyatlarının Avropa bazarına çıxarılması üçün əlverişli şərait yaranacağını diqqətə çatdırıb. Səfir Cənub Qaz Dəhlizi vasitəsilə o cümlədən Almaniyanın Uniper enerji şirkətinin Azərbaycan qazını Avropa bazarına çıxaracağını bildirib.

Səfir Ölkəmizdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlərdən, biznes mühitinin təkmilləşdirilməsi üçün göstərilən səylərdən danışıb. Azərbaycanda xarici sərmayəçilər üçün əlverişli investisiya mühitinin yaradıldığını bildirib. O, ölkəmizin enerji sahəsilə yanaşı nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsində regional layihələr həyata keçirməkdə olduğunu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üçün gördüyü işləri vurğulayıb. Bütün bunların xarici, o cümlədən alman şirkətlərinin ölkəmizlə əməkdaşlığı üçün yeni imkanlar açdığını bildirib. 

R.Həsənov bütün qonşuları ilə konstruktiv əməkdaşlıq edən Azərbaycanın yalnız onun ərazisinə hərbi təcavüz etmiş və torpaqlarını beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayan Ermənistanla münasibətlərinin gərgin olduğunu bildirib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının qonşu Ermənistan tərəfindən işğal edildiyini, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində indiyədək heç bir irəliləyişin olmadığını diqqətə çatdırıb.   

Münaqişənin həlli imkanlarına toxunan səfir bunun yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində mümkün olduğunu və Ermənistanın rəhbər tutduğu xalqların öz müqəddəratını təyin etmə hüququnu təhrif etdiyini bildirib. O, Dağlıq Qarabağın müstəqil olması və ya Ermənistana birləşdirilməsinin beynəlxalq hüquqla mümkün olmadığını və Azərbaycanın da bunu heç bir vaxt qəbul etməyəcəyini vurğulayıb.

Münaqişədə kənar faktorların rolu və xarici dövlətlərin münaqişənin həllinə mümkün töhfəsinə dair verilmiş suala cavab verən R.Həsənov xüsusilə Minsk Qrupunun həmsədri olan ölkələrin münaqişənin həlli prosesinə təsir göstərmək iqtidarında olduqlarını bildirib. O, qeyd edib ki, həm vasitəçilər, həm də digər ölkələr Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarını ikili standartlarla deyil, beynəlxalq hüquq çərçivəsində qursalar, münaqişənin sülh yolu ilə və ədalətli həllinə töhfə vermiş olarlar. Səfir vurğulayıb ki, Azərbaycanın özünün avropalı tərəfdaşlarından gözləntiləri də məhz budur.

Tədbirdə daha sonra Azərbaycanda tarixən alman məskənlərinin salınmasından söhbət açılıb. Səfir 200 il əvvəl Şərqə üz tutmuş şvab almanlarının Azərbaycanda tolerantlıq və xoş məramla qarşılandığını bildirib. Ölkəmizdə məskunlaşmış yüzlərlə alman ailəsinin Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini, o cümlədən ölkəmizdə şərabçılıq ənənələrinin əsasını qoyduqlarını qeyd edib. R.Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama müvafiq olaraq tədbirlər planının hazırlandığını, həm Azərbaycan, həm də Almaniyada bir sıra tədbirlərin keçirildiyini və sözügedən yubileyin cari ilin 19 sentyabrında Parisdə YUNESKO-nun mənzil-qərargahında təntənəli şəkildə qeyd ediləcəyini bildirib.

R.Həsənov ölkəmizdə alman dilinə marağa dair verilmiş suala cavab olaraq Azərbaycanda alman dilinin həm orta, həm ali təhsil ocaqlarında tədris olunduğunu, Azərbaycan gənclərinin alman dilini öyrənməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib. O, eyni zamanda bildirib ki, bir müddət əvvəl Almaniya Bundestaqı Azərbaycanda Qöte Mərkəzinin açılmasına dair qərar qəbul edib və Mərkəzin cari ildə açılacağı gözlənilir. Səfir Azərbaycanda alman dilinin tədrisinin iki ölkə arasındakı münasibətlərin gələcəyinə qoyulan yaxşı investisiya olduğunu vurğulayıb və bu baxımdan ölkəmizdə Qöte Mərkəzinin açılmasının əhəmiyyətli hadisə adlandırıb.

Tədbirdə həmçinin Azərbaycanın turizm imkanlarına toxunulub. Səfir R.Həsənov Azərbaycanın əcnəbi turistlər üçün maraqlı olan tərəfləri barədə məlumat verib, ölkəmizdə yüksək səviyyəli turizm infrastrukturunun yaradıldığını və Azərbaycanı ziyarət edən turistlərin sayının ildən-ilə artdığını bildirib.

Daha sonra səfir tədbir iştirakçılarının Azərbaycanın Almaniya, Rusiya, İran, Çin və digər ölkələrlə münasibətləri, ölkəmizin Tarixi İpək Yolunun bərpası üzrə həyata keçirilən layihələrə cəlb olunması, Azərbaycan iqtisadiyyatının xarici investisiyalar üçün maraqlı olan sahələri və digər mövzularda verdikləri sualları cavablandırıb.

Sonda tədbir iştirakçıları ziyafətə dəvət olunublar.

Tədbirdə Almaniyanın dövlət qurumlarının, siyasi, iqtisadi, mədəni və elmi dairələrinin, Almaniyadakı Azərbaycan diasporunun, Berlində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan Almaniyadakı Səfirliyinin əməkdaşları və mətbuat təmsilçiləri iştirak edib.

əvvəlki xəbər