Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Kəlbəcərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumatı

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, 4 iyun 2021-ci il tarixində səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik.

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Arxiv üzrə axtarış