2022-12-28

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Berlində böyük coşqu ilə qeyd olunub

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki  Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tədbir təşkil olunub. Tədbirdə Almaniyadakı Azərbaycan və qardaş türk diasporunun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev qonaqları salamlayıb və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Bu günün tarixi önəmindən bəhs edən diplomat xalqımızın həmrəyliyinin və birliyinin daim vacib olduğunu, iki il öncə torpaqlarımızın işğaldan azad olunmasının Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün olduğunu söyləyib. Ərazi bütövlüyümüzə təhdidlərin hələ bitmədiyini söyləyən N.Ağayev bütün dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan Respublikasının ətrafında sıx birləşməsinin zəruriliyini qeyd edib. 

Sonra tarda əməkdar artist Sahib Paşazadə və digər musiqiçilərin müşayiətilə tanınmış müğənnilər İlkin Əhmədov, Güllü Muradova və Kamilə Nəbiyevanın ifasında Azərbaycan müsiqisi səsləndirilib. Tədbir çərçivəsində “Ritm” rəqs qrupunun üzvləri Səid və Əzizə İbrahimlilər tərəfindən “Uzundərə”, “Naz eləmə” və “Yallı” rəqsləri ifa olunub və qonaqlar rəqsə dəvət olunublar. Tədbirdə həmçinin qiraət ustası Naibə Tural Azərbaycan şairləri Xəlil Rza Ulutürk, Məmməd Araz və Səməd Vurğunun Vətənlə bağlı şerlərindən parçalar səsləndirib.

Tədbir çərçivəsində ziyafət verilib.

Tədbirin qısa videosuna bu link vasitəsilə baxmaq mümkündür: https://youtu.be/o4I6zo-LpRw 

Arxiv üzrə axtarış