2016-01-18

Berlində 20 Yanvar hadisələri anılıb

Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin, müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrin, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələri və alman mətbuatının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yumması ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olması, Bakıda bir milyondan artıq vətəndaşın suverenlik hüquqları tələb etdikləri etiraz aksiyaları və Sovet rəhbərliyinin xalqın etiraz səsini boğmaq üçün əl atdığı 20 Yanvar cinayəti barədə məlumat verib. Səfir bildirib ki, xalq bu hadisələrə etiraz aksiyalarını genişləndirməklə və öz şəhidlərinin izdihamlı dəfn mərasimini keçirməklə cavab verdi, o zamanlar Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinin sabahısı gün keçirdiyi mətbuat konfransında Sovet rəhbərliyinə qətiyyətlə etiraz etdi.          

Pərviz Şahbazov müstəqil Azərbaycan Respublikasının şəhidlərimizin uğrunda həyatlarını qurban verdikləri azadlıq, suverenlik və demokratik dövlətçilik dəyərlərinin keşiyində dayandığını, milli maraqlara uyğun müstəqil siyasət yürütdüyünü vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan səfir torpaqlarımızın işğalına son qoyulmasını, qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtmasını Azərbaycan dövlətinin onun müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşların ruhu qarşısında müqəddəs borcu adlandırıb. Səfir bildirib ki, hər il 20 Yanvar hadisələrinin ildönümü Azərbaycan Respublikası Prezidenti başda olmaqla Azərbaycan xalqı tərəfindən şəhidlərimizin əziz xatirəsinə ehtiramla qeyd edilir.  

Tədbirdə çıxış edən Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Azərbaycanın müstəqillik illərində yürütdüyü siyasəti və əldə etdiyi nailiyyətləri təhlil edib. Natiq dövlətimizin regionda və dünyada artan rolunu, müstəqil və balanslı xarici siyasətini, Avropanın enerji təchizatında oynadığı konstruktiv rolu vurğulayıb. Matias Dornfelt Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizin sabitlik dövrünə qədəm qoyduğunu bildirib, müstəqillik illərində ölkəmizdə həyata keçirilmiş islahatları, demokratik dövlət quruculuğunu, iqtisadi və sosial layihələri yüksək qiymətləndirib.

Matias Dornfeld çıxışında Azərbaycanın multikulturalizm və dini tolerantlıq dəyərlərini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan müxtəlif din və mədəniyyətlərin nümayəndələrinin tarixən dinc şəraitdə yaşadığı məkan olub və Azərbaycan hökumətinin siyasətində bu dəyərlərin təşviq edilməsi mühüm yer tutur. 

Tədbirin rəsmi hissəsindən sonra, hal-hazırda Hannover Musiqi, Media və Teatr Akademiyasında təhsil alan gənc və istedadlı azərbaycanlı musiqiçi, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anım konserti səsləndirilib.  

Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, eləcə də müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub. 

Arxiv üzrə axtarış