2016-04-18

“Sabah” qəzetinin almandilli oxucuları Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlər barədə məlumatlandırılıb

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Türkiyənin “Sabah” qəzetinin alman dili versiyasına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, qoşunların təmas xəttində son günlər ermənilərin törətdikləri təxribatlar barədə danışıb.

Səfir deyib ki, Sovet İttifaqı dağılandan sonra Ermənistan-Azərbaycanın, Dağlıq Qarabağ regionu ilə birlikdə yeddi ətraf rayonu da daxil olmaqla ölkə ərazisinin 20 faizini beynəlxalq hüququn normalarına zidd olaraq işğal edib və bu işğal bu gün də davam edir. Bir milyondan çox azərbaycanlı münaqişə nəticəsində öz yurd-yuvalarından qovulub, Azərbaycanın digər rayonlarında qaçqın və məcburi köçkün kimi yaşayır. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyib və zəbt olunmuş əraziləri tərk etməsini tələb edib. Bu çağırış Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar tərəfindən qəbul edilmiş çoxlu sayda beynəlxalq sənədlərdə də öz əksini tapıb. Lakin Ermənistan indiyədək bu sənədlərə məhəl qoymur və Azərbaycan torpaqlarının işğalından əl çəkmək istəmir.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının dağılması ilə başlasa da onun tarixi çox uzundur. Dağlıq Qarabağ Azərbaycanın Qarabağ (Azərbaycan dilində “Böyük bağ”) tarixi bölgəsinin dağlıq ərazisidir və indiki Azərbaycan ərazisində yerləşmiş müxtəlif dövlətlərin tərkib hissəsi olub. Qarabağ regionunun Azərbaycan xalqının tarixi və mədəni kimliyinin formalaşmasında böyük təsiri olub.

Ermənistan Azərbaycana qarşı ərazi iddiasi ilə çıxış etməyə başladı. O zamanlar Sovet İttifaqının regionu zəbt etməsi ilə münaqişə sakitləşdi və Dağlıq Qarabağ Azərbaycan SSR sərhədləri çərçivəsində muxtariyyət statusu əldə etdi. Regionun paytaxtı Xankəndi (Azərbaycan dilində “Xanın kəndi”) erməni bolşeviklərinin başçısı Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Dağlıq Qarabağda sülh Sovet İttifaqının sonuna qədər davam etdi. Sovet İttifaqının dağılması dövrü yaxınlaşdıqca erməni millətçiləri yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə başladılar. Ermənistanın qonşu Azərbaycana ərazi iddiasının gerçəkləşdirilməsi üçün erməni millətçiləri 1980-ci illərin sonlarında yenidən silaha əl atdılar və Dağlıq Qarabağdakı azərbaycanlı dinc sakinlərə qarşı istifadə etdilər. Ermənilər azərbaycanlıları bu ərazilərdən qovmaq üçün terror fəaliyyətlərini genişləndirdilər. Nəticədə Dağlıq Qarabağda Xocalı soyqırımı baş verdi və bu da 613 dinc sakinin qətlə yetirilməsi ilə nəticələndi. Xocalı şəhəri isə yerlə-yeksan edildi. Bundan əlavə, 250 min azərbaycanlı Ermənistandan qovulub. Bu qorxulu hadisələrdən sonra Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı, eləcə də zəbt edilmiş ərazilərdə erməni silahlı qüvvələri tərəfindən etnik və mədəni təmizləmə həyata keçirildi. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün indiyədək öz yurdlarına qayıtmaq hüququndan məhrumdurlar.

Qeyd edilib ki, 1994-cü ildən etibarən atəşkəs elan olunub və Azərbaycan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişəni sülh yolu ilə həll etməyə çalışır. Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri hər iki ölkə rəhbərləri ilə indiyədək çoxlu sayda görüşlər keçiriblər. ATƏT çərçivəsində edilən cəhdlər təəssüflər ki, indiyədək nəticəsiz qalıb. Buna baxmayaraq Minsk qrupu münaqişənin sülh yolu ilə həlli üçün fəaliyyət göstərən əsas qurumdur və biz onunla əməkdaşlıq edirik. Minsk qrupunun üzvü olan Almaniya bu il ATƏT-ə sədrlik edir. Almaniya ATƏT ərazisində həll olunmamış münaqişələrin həllinə töhfə verilməsini özünün ATƏT sədrliyinin prioritetlərindən biri elan edib. Almaniyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağda indiki status-kvonun saxlanılmasının təhlükəli olduğunu söyləyib. Azərbaycan bu münaqişənin ağır nəticələrindən əziyyət çəkir və status-kvonun dəyişdirilməsində maraqlıdır.

Pərviz Şahbazov qeyd edib ki, alman ictimaiyyətinin bütövlükdə münaqişəyə daha çox marağının olması arzuediləndir. Alman mətbuatında Dağlıq Qarabağ münaqişəsi barədə daha çox Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında cəbhə xəttində gərginlik yarandığı zaman məlumat verilir. Əslində bu münaqişə Cənubi Qafqazda sabitlik və təhlükəsizlik üçün ciddi təhlükədir və bu səbəbdən diqqətlə izlənilməli və tədqiq olunmalıdır. Təəssüf ki, bəzən qeyri-obyektiv məlumatlara da rast gəlinir ki, bu da münaqişə haqda dərin məlumatlı olmamaqdan irəli gəlir. Misal üçün, alman xəbər agentliyi DPA yaydığı bir sıra məlumatlarında münaqişəni “müsəlman Azərbaycan” və “xristian Ermənistan” arasında münaqişə kimi təqdim edir. Bununla da oxucularda münaqişənin guya dini zəmində baş verdiyinə dair yanlış təsəvvür yaranır. Dağlıq Qarabağ münaqişəsi sırf ərazi münaqişəsidir və onun heç bir dini tərəfi yoxdur. Bunu münaqişə ilə məşğul olan bütün beynəlxalq mütəxəssislər, o cümlədən alman mütəxəssisləri təsdiq edirlər. Azərbaycan multikulturalizm və dini tolerantlıq kimi tarixi dəyərləri olan dünyəvi ölkədir. Azərbaycan sülh şəraitində yaşayan və dövlət tərəfindən dəstəklənən müxtəlif dinlərin və mədəniyyətlərin vətənidir. Azərbaycanda məscidlərdə sünni və şiə məzhəbindən olan insanlar birgə namaz qılırlar, sinaqoqlar və kilsələr dövlət tərəfindən tikilir və ya bərpa edilir. Regionda olan bu təkrarolunmaz multikulturalizm və tolerantlıq mühiti bütün Avropa üçün bir nümunədir. Bu, beynəlxalq miqyasda tanınır və qiymətləndirilir. Bakının mərkəzində yerləşən erməni kilsəsinin indiyədək qorunub saxlanmasına baxmayaraq, işğal edilmiş Azərbaycan torpaqlarında bizim dini və mədəni abidələrimiz dağıdılıb, yer adları isə erməniləşdirilib.

“Türkiyənin bu münaqişədə mövqeyini necə dəyərləndirisiniz?” sualına cavabında səfir deyib: “Bizi Türkiyə ilə sıx dostluq və tərəfdaşlıq əlaqələri birləşdirir. Türkiyə indiyədək həmişə münaqişənin tezliklə həllinə marağını və bu həllə töhfə vermək iradəsini hər zaman sübut edib. Biz Türkiyənin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair birmənalı mövqeyini yüksək qiymətləndiririk. Türkiyə bizim regionda vacib ölkədir və eyni zamanda, ATƏT-in Minsk qrupunun üzvüdür. Buna görə də münaqişənin sülh yolu ilə həllində Türkiyənin daha böyük rol oynamasını vacib hesab edirik”.

Son günlər qoşunların təmas xəttində baş vermiş hadisələrdən danışan diplomat vurğulayıb ki, 1994-cü ildən elan olunan atəşkəs indiyədək mütəmadi olaraq pozulur. Təəssüflər olsun ki, yaşanmış son gərginlik nəticəsində çoxlu sayda insan həyatını itirib. Gərginliyin yaranmasının səbəbi erməni silahlı qüvvələrinin cəbhə xəttinə yaxın yerləşən sıx məskunlaşmış Azərbaycan yaşayış məntəqələrini daim atəşə tutması olub. Nəticədə mülki əhali arasında ölən və yaralananlar olub, şəxsi əmlaka böyük ziyan vurulub. Azərbaycan mövqelərinin davamlı atəşə tutulması zamanı Ermənistan ağır silahlardan istifadə edib və manevrlər həyata keçirib. Bu səbəbdən də atəşkəs elan olunandan bəri ən böyük gərginlik yaşanıb. Silahlı qüvvələr arasında bu cür atışmaların və dinc əhalinin atəşə tutulmasının qarşının birdəfəlik alınması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tərk etməlidir.

Diplomat vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinin uzunmüddətli həlli Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgə yaşayışından ibarətdir. Amma bu, yalnız o zaman mümkündür ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkilsin və azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz vətənlərinə geri dönə bilsinlər. Münaqişə ilə bağlı digər məsələlər isə bundan sonra avtomatik olaraq öz həllini tapacaq.

AZƏRTAC

Arxiv üzrə axtarış