2016-05-12

Xarici işlər naziri Elmar Məmmədyarov Alman Xarici Siyasət Cəmiyyətində Azərbaycanın xarici siyasətinə dair məruzə ilə çıxış edib

Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin beynəlxalq məsələlər üzrə aparıcı beyin mərkəzlərindən olan Alman Xarici Siyasət Cəmiyyətində “Azərbaycan və onun qonşuluğu. Xarici və təhlükəsizlik siyasətinin çağırışları” başlıqlı geniş məruzə ilə çıxış edib.

Nazir Elmar Məmmədyarov çıxışında Azərbaycanın regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verib.

Nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlarını qeyd edərək, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını, əksinə son zamanlar cəbhə xəttinə yaxın yerləşən azərbaycanlı mülki əhaliyə qarşı hücumları artırdığını və beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozduğunu bildirib. Nazir son zamanlar Ermənistanın təxribat xarakterli bəyanatlar verdiyini də diqqətə çatdırıb.

Daha sonra nazir Elmar Məmmədyarov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Bütövlükdə 150-yə qədər iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin və Almaniya Bundestaqının deputatları, Almaniyanın dövlət orqanlarının təmsilçiləri, bu ölkənin siyasi, elm və mədəniyyət xadimləri, xarici ölkə diplomatları, mətbuat təmsilçiləri və tələbələr iştirak ediblər.

Arxiv üzrə axtarış