2016-10-22

Frankfurt Kitab Sərgisi çərçivəsində “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir keçirilib

Oktyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Frankfurt Kitab Sərgisi çərçivəsində, milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə ölkəmizdə multikulturalizm ənənələri və hazırda bu sahədə görülmüş işlər barədə geniş məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev multikultural dəyərlərin əsrlər boyu ölkəmizdə mövcud olmasından, burada yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin hər zaman qorunması və inkişafından danışıb. O, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu mövzunu daim diqqətdə saxlamaları və bu sahədəki hərtərəfli fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Bildirilib ki, Prezidentin müvafiq Sərəncamına əsasən cari il ölkəmizdə “Multikulturalizm ili” elan olunub və geniş Tədbirlər Planı təsdiq edilib. İl ərzində həyata keçirilən çoxsaylı tədbirlər və azsaylı xalqların mədəni, sosial-iqtisadi durumunun daha da yaxşılaşdırılması üçün görülmüş işlər multikultural dəyərlərin qorunması və inkişafı sahəsində ölkəmizin dünyaya örnək olduğuna əyani sübutdur.

“Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun cari ildə Bakıda keçirilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Multikulturalizm ilində respublikamızın hər yerində çoxsaylı sərgilər, incəsənət festivalları, kitab təqdimatları və başqa tədbirlər keçirilməkdədir. Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi üzrə bir modelə çevrilmiş Azərbaycan bu dəyərlərin dünyada təşviqində mühüm rol oynayır və xarici hökumətlərlə, beynəlxalq təşkilatlarla mövcud əməkdaşlıq əlaqələrini yüksələn xətt üzrə davam etdirir”, - deyə Vaqif Əliyev vurğulayıb.

Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer–İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin deputatı Rahim Şmitt və “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edərək multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırkı vəziyyəti barədə məlumat veriblər.

Çoxsaylı ziyarətçilərin qatıldığı tədbirin sonunda qonaqlara multikulturalizmlə bağlı çap olunmuş kitablar hədiyyə olunub.

Arxiv üzrə axtarış