2017-02-20

Azərbaycanın Almaniyadakı Səfirliyində Avropa İttifaqının komissarı Qünter Öttinqerlə görüş keçirilib

20 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində səfir Ramin Həsənov ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Qünter Öttinqer arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Avropa İttifaqının qurumları, eləcə də Azərbaycan və Almaniya arasındakı ikitərəfli əməkdaşlığın hazırkı durumu və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü hər iki tərəfdən məmnunluqla qeyd edilib. Eyni zamanda Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi məsələsinə toxunulub və ölkəmizdə hökm sürən multikultural həyat tərzi və tolerantlıq mühiti xüsusi vurğulanıb.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Cənubi Qaz Dəhlizinin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü çərçivəsində ölkəmiz tərəfindən müvafiq fəaliyyətlərin icrası, rəqəmsal iqtisadiyyat və bu sahədə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub.

Arxiv üzrə axtarış